«Neftçi İdman Klubu» xəbər verir

«Neftçi İdman Klubu» xəbər verir


Sambo:
Rumıniyanın paytaxtı Buxarestdə kişilər arasında sambo üzrə Avropa çempionatına yekun vurulub. Bu mötəbər yarışda Azərbaycan yığma komandasının heyətində «Neftçi İdman Klubu»nun samboçuları da yer almışdılar.
Yetirmələrimizdən üçü qitə çempionatının mükafatçıları sırasına düşməyə müvəffəq olublar. 52 kq çəkidə mübarizə aparan idmançılarımız Ağasif Səmədov, Fərid Yusifov (döyüş sambosu) və İslam Qasımov (57 kq) yarışdan gümüş medallarla ayrılıblar.

Cüdo:
Mayın 16-da Polşada start götürmüş cüdo üzrə Avropa kuboku başa çatıb.
Yarışda «Neftçi İdman Klubu»nun cüdoçuları da qüvvələrini sınayıblar. Onlardan Natiq Qurbanlı (55 kq) bütün görüşləri qələbə ilə başa vuraraq, Avropa kubokunun qalibi adını qazanıb. Yalnız final qarşılaşmasında məğlubiyyət acısı yaşayan Elnur Abbasov (55 kq) və Musa Şəkərəliyev (90 kq) gümüş medala layiq görülüblər. Digər təmsilçimiz Mehdi Əsgərov (50 kq) isə 3-cü yerə çıxıb.


*  *  *
Şağan Olimpiya Kompleksində 23 yaşadək gənclər arasında təşkil olunan Bakı şəhər birinciliyində isə təmsilçilərimiz 4 medala yiyələniblər. Rəqib tanımayan Hüseyn Heydərov (73 kq) paytaxt yarışının qalibi olub. Həlledici mərhələyə yüksələn Cavid Rufullayev (60 kq) gümüş medala sahib olub. Nurlan Babayev (60 kq) və Turan Seyidov (66 kq) isə 3-cü pillədə qərarlaşıblar.

Atıcılıq:
Almaniyanın Hannover şəhərində güllə atıcılığı üzrə Avropa kuboku keçirilib.
«Neftçi İdman Klubu»nun yetirməsi Ruslan Lunyov 25 metr məsafəyə (standart) atəşaçma yarışlarında 570 xal toplayaraq gümüş medal qazanıb. Elə həmin şəhərdə təşkil olunan beynəlxalq turnirdə də Ruslan 25 metrdə (sürətli) 587 xalla yenə 2-ci olub.

Akrobatika:
Rusiyanın Oktyabrsk şəhərində 13-19 yaşlı idmançılar arasında «Volkov-cup» kubok yarışına yekun vurulub. «Neftçi İdman Klubu»nun akrobatları da turnirdə bacarıqlarını nümayiş etdiriblər. Klubun Elçin Əlibəyov və Emin Gülməmmədlidən ibarət kişi cütlüyü 82,357 balla gümüş medala layiq görülüb.

Karate:
Mayın 16-da Bakı şəhərində startı verilmiş karate-do üzrə «Xəzər turniri» başa çatdırıb.
Klubumuz yarışda 8 karate ustası ilə təmsil olunub. İdmançılarımız turnirin 2 gümüş, 2 bürünc medalına yiyələniblər. Turan Tağıyev (70 kq, 16-17 yaş) və Nicat Cəbrayılov (78 kq, 16-17 yaş) 2-ci, Orxan Musayev (78 kq, 16-17 yaş) və Babək İsmayılov (35 kq, 12-13 yaş) isə 3-cü pillədə dayanıblar.
Bundan əlavə, 16-17 yaş qrupunda karateçilərimiz komanda yarışında (Turan Tağıyev, Nicat Cəbrayılov, Orxan Musayev) 3-cü yeri tutublar.

Atletika:
Bakı Olimpiya Kompleksində 1990-2000-ci illər təvəllüdlü idmançılar arasında atletika üzrə Bakı şəhər birinciliyi keçirilib. «Neftçi İdman Klubu» yarışa 6 yetirməsi ilə qatılıb. Atletlərimizdən Aygün Qurbanzadə üçtəkanla tullanma yarışında 8,42 metr nəticə göstərərək gümüş medal qazanıb. Səyyarə Muradova isə nüvəitələmədə 7,04 metr nəticəylə eyni uğura imza atıb.

«Neftçi İdman Klubu» İB-nin mətbuat xidməti