Türkiyənin İzmir şəhərində gənclər arasında güləş üzrə 17-ci Beynəlxalq çempionlar turniri keçirilib.
Turnirdə gənc qızlar və yunan-Roma güləşçilərimiz mübarizə aparıblar. İdmançılarımız turniri 3 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurublar.
Turnirinin ilk günündə mübarizəyə qoşulan güləşçilərimiz uğurlu çıxışları ilə yadda qalıblar. Gənc qızların yarışında güləşçilərimiz 1 qızıl və 1 bürünc medal əldə ediblər. Qızıl medalı yığmamıza Raqnetta Qurbanzadə (67 kq), bürünc medalı isə Solmaz Həşimzadə (55 kq) qazandırıblar.
Yunan-Roma güləşçilərinin mübarizəsində də yığmamız günü 1 qızıl və 1 bürünc medalla başa vurub. Turnirdə 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Ruhin Mikayılov bütün rəqiblərindən üstün olub, qızıl medala layiq görülüb. Ramiz Məmmədov (55 kq) isə bürünc medalla kifayətlənib.
Turnirin ikinci günündə gənc qızların yarışında güləşçilərimiz 2 gümüş və 1 bürünc medal qazanıblar. Almaz İsmayılova (51 kq) və Elmira Qəmbərova (63 kq) yalnız final görüşünü uduzmuş və gümüş medalla kifayətlənmişlər. Səbirə Əliyeva (72 kq) isə bürünc medala sahib olmuşdur.
Yunan-Roma güləşçilərinin mübarizəsində isə komandamızın üzvləri 1 qızıl və 1 bürünc medal əldə etmişlər. İslam Abbasov (84 kq) bütün rəqiblərindən üstün olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ən ağır çəkili pəhləvanların mübarizəsində isə Hacımurad Çöpsiyev (120 kq) bürünc medal qazanıb.
Beləliklə, 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan gənc qızlarımız komanda hesabında Türkiyə və Qazaxıstandan sonra üçüncü pillədə qərarlaşmışlar.
Görüşlərin idarə edilməsində ölkəmizi Beynəlxalq dərəcəli hakim Xanmirzə Məlikəliyev təmsil edib.