Lider uduzsa da, yerini əldən vermədi

Lider uduzsa da, yerini əldən vermədi

15 və 17 yaşınadək oğlanlardan, eləcə də qadın otüstü hokkeyçilərdən ibarət komandalar ölkə çempionatında və birinciliklərində növbəti turların oyunlarını keçiriblər. İlk olaraq qadın otüstü hokkeyçilər mübarizəyə qoşulublar. VI tur çərçivəsində "Sumqayıt” və "Bakı” komandalarının görüşündə paytaxt hokkeyçiləri rəqib qapısından 7 cavabsız top keçiriblər. Xalidə Zeynalova bu qarşılaşmada 5 qolun müəllifi olub. Aqata Mejinskaya 2, Gülər Aydınlı isə 1 dəfə rəqib qapıçını məyus edib.
Turun ən maraqlı və prinsipial matçı isə "Atasport-2” və "Samur” (Qusar) komandaları arasında keçirilib. Həmin oyunda hesabı əyalət təmsilçiləri açıblar. Qolun müəllifi Kamalə Qazıxanova olub. Vurulan qoldan bir neçə dəqiqə sonra Həvva Əliyeva hesabı bərabərləşdirib. Oyunda təşəbbüsü ələ alan paytaxt komandası fasiləyə qələbə ilə yollanıb. Ceyhunə Məhərrəmova birinci hissədə 2 qol vurmaqla komandasını irəli çıxarıb - 3:1. Fasilədən sonra mübarizə daha da gərginləşib. Hesabda irəlidə olan "Atasport-2” arxayınlığın qurbanı olub. Belə ki, əvvəlcə Qusar komandasının üzvü Günay İsmayılova 2 qolla hesabı bərabərləşdirib. Sona 5 dəqiqə qalmış Əsmər Şərifova qələbə topunu vurub -4:3. Şənbə günü keçirilən oyunlardan sonra "Atasport-2” 13 xalla vahid liderdir. 6 oyundan 12 xal toplayan Qusar hokkeyçiləri birinci dövrəni 2-ci yerdə başa vurublar. Aktivində 9 xalı olan "Bakı” komandası üçüncü pillədə qərarlaşıb. Sonuncu yeri tutan Sumqayıt komandası hələ ki, xalsız mübarizə aparır.