Olimpiya Proqramına daxil olan idman növləri üzrə yarışlarda yüksək nəticə göstərən idmançılar və məşqçilər üçün mükafatların məbləği artırılmışdır

Olimpiya Proqramına daxil olan idman növləri üzrə yarışlarda yüksək nəticə göstərən idmançılar və məşqçilər üçün mükafatların məbləği artırılmışdır

Nazirlər Kabineti "Olimpiya Oyunları, Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında” qərara dəyişikliklər etmişdir.
Olimpnews.az AzərTAc-a istinadən xəbər verir ki, qərarın adından Olimpiya Oyunları sözləri çıxarılmışdır. Olimpiya Oyunlarında yüksək nəticələr göstərmiş Azərbaycan idmançıları və onların məşqçiləri üçün mükafatlar Azərbaycan Respublikası Prezidentinin xüsusi Sərəncamı ilə müəyyənləşəcəkdir.
Bundan sonra Olimpiya oyunları istisna edilməklə, Olimpiya proqramına daxil olan idman növləri üzrə dünya və Avropa çempionatlarında, kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan idmançıları və onların məşqçiləri üçün mükafatlar bu qərara əsasən müəyyənləşəcəkdir. İndiyədək bu qərara əsasən yalnız gənclər və yeniyetmələr arasında dünya və Avropa birinciliyində yüksək nəticə göstərmiş idmançılar və onların məşqçiləri üçün mükafatlar nəzərdə tutulmuşdur. Dəyişikliyə əsasən, bu siyahıya dünya və Avropa çempionatları, fərdi hesabda dünya və Avropa kuboklarının final yarışlarında yüksək nəticələr göstərmiş Azərbaycan idmançıları və onların məşqçiləri də daxil edilmişlər. Eyni zamanda, ümumi hesabda dünya və Avropa kuboklarının final yarışlarında yüksək nəticələr göstərmiş Azərbaycan idmançıları və onların məşqçiləri də mükafatlandırılacaqlar.
Mükafatların məbləği də artırılmışdır. İndiyə qədər gənclər arasında dünya birinciliyində ilk yeri tutan idmançı və onun məşqçisi müvafiq olaraq 2000 min manat və 1000 manat, ikinci yer üzrə 1000 manat və 800 manat, üçüncü yer üzrə 800 manat və 500 manat, yeniyetmələr arasında dünya birinciliyində birinci yeri tutmuş idmançı və onun məşqçisi müvafiq olaraq 1500 manat və 750 manat, ikinci yer üzrə 1000 manat və 500 manat, üçüncü yer üzrə 500 manat və 300 manat məbləğində mükafatlandırılmışlar. Gənclər arasında Avropa birinciliyində birinci yeri tutmuş idmançı və onun məşqçisi üçün müvafiq olaraq 1300 manat və 650 manat, ikinci yer üzrə 900 manat və 450 manat, üçüncü yer üzrə 500 manat və 250 manat, yeniyetmələr arasında Avropa birinciliyində birinci yeri tutmuş idmançı və onun məşqçisi üçün müvafiq olaraq 1000 manat və 500 manat, ikinci yer üzrə 750 manat və 350 manat, üçüncü yer üzrə 400 manat və 200 manat məbləğində mükafat müəyyən edilmişdir.
Dəyişikliyə əsasən, bundan sonra gənclər arasında dünya birinciliyinin qalibi olan idmançı və onun məşqçisi müvafiq olaraq 3000 min manat və 1500 manat, ikinci yer üzrə 2000 manat və 1000 manat, üçüncü yer üzrə 1500 manat və 750 manat, yeniyetmələr arasında dünya birinciliyində birinci yeri tutmuş idmançı və onun məşqçisi müvafiq olaraq 2500 manat və 1250 manat, ikinci yer üzrə 1500 manat və 750 manat, üçüncü yer üzrə 1000 manat və 500 manat məbləğində mükafatlandırılacaqlar. Gənclər arasında Avropa birinciliyində birinci yeri tutmuş idmançı və onun məşqçisi üçün müvafiq olaraq 2000 manat və 1000 manat, ikinci yer üzrə 1000 manat və 500 manat, üçüncü yer üzrə 800 manat və 400 manat, yeniyetmələr arasında Avropa birinciliyində birinci yeri tutmuş idmançı və onun məşqçisi üçün müvafiq olaraq 1500 manat və 750 manat, ikinci yer üzrə 800 manat və 400 manat, üçüncü yer üzrə 600 manat və 300 manat məbləğində mükafat müəyyən edilmişdir.
Dəyişikliyə əsasən, siyahıya əlavə edilmiş dünya çempionatında birinci yeri tutmuş idmançı və onun məşqçisi müvafiq olaraq 15000 manat və 7500 manat, ikinci yer üzrə 10000 manat və 5000 manat, üçüncü yer üzrə 6000 manat və 3000 manat, Avropa çempionatında birinci yeri tutmuş idmançı və onun məşqçisi müvafiq olaraq 10000 manat və 5000 manat, ikinci yer üzrə 6000 manat və 3000 manat, üçüncü yer üzrə 2000 manat və 1000 manat məbləğində mükafatlandırılacaqlar. Ümumi hesabda dünya kubokunun finalında birinci yeri tutmuş komandanın idmançıları və məşqçiləri müvafiq olaraq 20000 manat və 10000 manat, ikinci yer üzrə 15000 manat və 7500 manat, üçüncü yer üzrə 10000 manat və 5000 manat, ümumi hesabda Avropa kubokunun finalında birinci yeri tutmuş komandanın idmançıları və məşqçiləri müvafiq olaraq 15000 manat və 7500 manat, ikinci yer üzrə 10000 manat və 5000 manat, üçüncü yer üzrə 8000 manat və 4000 manat məbləğində mükafatlandırılacaqlar.
Fərdi hesabda dünya kubokunun finalında birinci yeri tutmuş idmançı və onun məşqçisi üçün müvafiq olaraq 6000 manat və 3000 manat, ikinci yer üzrə 4000 manat və 2000 manat, üçüncü yer üzrə 3000 manat və 1500 manat, fərdi hesabda Avropa kubokunun finalında birinci yeri tutmuş idmançı və məşqçisi üçün müvafiq olaraq 4000 manat və 2000 manat, ikinci yer üzrə 3000 manat və 1500 manat, üçüncü yer üzrə 2000 manat və 1000 manat məbləğində mükafatlar müəyyən edilmişdir.