Belçikanın Hazevinkel şəhərində yeniyetmələr arasında akademik avarçəkmə üzrə Avropa çempionatı keçirilib. 31 ölkədən 450 avarçəkənin mübarizə apardığı yarışda Azərbaycanı Boris Yotov təmsil edib.
18 yaşlı idmançımız 1 nəfərlik qayıqla (JM 1X) mübarizə aparıb. O, 2000 metr məsafəyə yürüşdə bütün rəqiblərini qabaqlayaraq, karyerası ərzində ikinci dəfə Avropa çempionu olub.
Təmsilçimiz mübarizəyə seçmə mərhələdən başlayıb. Onun ilk rəqibləri Fransa, Xorvatiya, Estoniya və Gürcüstan avarçəkənləri olub. Yotov onları qabaqlayaraq, finişə 7 dəqiqə 24,07 dəqiqəyə çatıb və yarımfinala yüksəlib. Növbəti mərhələdə idmançımız Rusiya, Çexiya, Latviya, Sloveniya və Estoniya təmsilçiləri ilə yarışıb. Bu dəfə isə Yotov 7 dəqiqə 22,58 saniyə nəticə ilə hamıdan öndə olub və finala çıxıb.
Nəhayət, mayın 25-də keçirilmiş həlledici yürüşdə avarçəkənimiz finişə daha tez - 7 dəqiqə 2,72 saniyəyə çataraq qızıl medal qazanıb. Təmsilçimizdən 6,37 saniyə geri qalan isveçrəli Yakob Blankenberger gümüş, 7 dəqiqə 10,79 saniyə göstəriciyə malik çexiyalı Yaroslav Hellebrand isə bürünc medala sahib olub.
Qeyd edək ki, Boris Yotov yeniyetmə akademik avarçəkənlər arasında qitənin ən güclüsü olduğunu ardıcıl ikinci dəfə təsdiqləyib. O, ötən ilin may ayında Belarusun paytaxtı Minskdə keçirilmiş Avropa çempionatında qızıl medal qazanıb. Həmin vaxt təmsilçimiz 1 nəfərlik qayıqla finişə 6 dəqiqə 57,445 saniyəyə çatıb. Beləliklə, Yotov avqust ayında Çinin Nankin şəhərində keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunları ərəfəsində yüksək hazırlıq səviyyəsində olduğunu sübut edib.