Güləşçilərimiz Avropa çempionatına hazırlaşırlar

Güləşçilərimiz Avropa çempionatına hazırlaşırlar


İyunun 17-dən 22-dək Polşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək.
Sərbəst və yunan-Roma üzrə yığma komandalarımız çempionatda tam heyətlə iştirak edəcəklər. Azərbaycan Güləş Federasiyasının rəsmi saytının verdiyi xəbərə əsasən, çempionata hazırlığı davam etdirən sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız Qusar Olimpiya İdman Kompleksində növbəti təlim-məşq toplanışındadırlar. Yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri mayın 26-dan təlim-məşq toplanışına başlayıblar. Böyük məşqçi Şaban Donat, məşqçilər Akif Əliyev və Zöhrab Abbasovun rəhbərliyi altında heyətdə 24 idmançı yer alıb. Təlimlər iyunun 8-dək davam edəcəkdir.
Sərbəst güləş üzrə yığma komandanın üzvlərinin hazırlığına isə mayın 28-də start verilib. Komandanın böyük məşqçisi Arif Abdullayev, məşqçilər Rövşən Umudov və Nazim Əlicanovun rəhbərliyi altında heyətdə 21 güləşçi yer alıb. Təlim-məşq toplanışına iyunun 11-də yekun vurulacaq.
Gənc qızlardan ibarət yığma komandanın üzvləri isə iyunun 1-dən Astara Olimpiya İdman Kompleksində növbəti təlim-məşq toplanışına başlayacaqlar. Böyük məşqçi Aslan Ağayev, məşqçilər Həsrət Məmmədyarov, Siracuddin Eldarov, Arif Fərmanov və Filip Monolovun rəhbərliyi altında təlimlərə 17 gənc qız güləşçi cəlb olunub.