XXV Respublika Spartakiadası yekunlaşdı

XXV Respublika Spartakiadası yekunlaşdı

Mayın 26-28-də Sabirabad Olimpiya İdman Kompleksində "Məhsul” Kənd Könüllü Həmkarlar Kooperativ İdman Cəmiyyətinin Respublika Şurasının milli idman oyunları üzrə XXV Respublika Spartakiadası keçirilib. Yarış Kənd Təsərüfatı Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kənd Təsərüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqları Federasiyası, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və "Məhsul” Kənd Könüllü Həmkarlar Koperativ İdman Cəmiyyətinin Respublika Şurasının birgə təşəbbüsü ilə təşkil olunub. 25-ci dəfə keçirilən spartakiadanın əsas məqsədi itməkdə olan milli adət ənənələrimizin qorunub saxlanılması və Olimpiya Hərəkatının ölkəmizdə daha da inkişaf etdirilməsi ilə bağlı idi.
Spartakiadanın final yarışlarında 19 rayondan ümumilikdə 335 nəfər mübarizə aparıb.
2 gün davam edən yarışda iştirakçılar daşqaldırma, gücsınama, dirədöymə, çalağançardağı, kəndirdartma, nərd, xıy-xıy oyunlarında və milli güləş növündə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Şamaxı rayonunun komandası birinci yeri tutub. Cəlilabad və Sabirabad rayonunun komandaları isə, müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.
Qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunublar.