«Neftçi İdman Klubu» bu dəfə də uşaqları unutmadı

«Neftçi İdman Klubu»  bu dəfə də uşaqları unutmadı
Dövlətimiz əlil və fiziki qüsurlu uşaqların sosial müdafiəsinə, onların cəmiyyətə inteqrasiya olunmasına böyük diqqət və qayğı göstərir. Cəmiyyətimizin ən həssas, xüsusi qayğıya ehtiyacı olan bu təbəqənin sosial müdafiəsinin gücləndirilməsi, onların tibbi-sosial reabilitasiyası dövlətimizin yürütdüyü siyasətin prioritet məsələlərindəndir.
Fiziki məhdudiyyətli olan uşaqlara göstərilən diqqət onların cəmiyyətə inteqrasiyasına zəmin yaradır. Təbii ki, belə uşaqlar cəmiyyətdən kənarda qalmamalı, onların istedad və bacarıqlarını daim nümayiş etdirməyə şərait yaradılmalıdır. Fiziki məhdudiyyəti olan uşaqlara hər birimiz nəvaziş göstərməliyik. Unutmamalıyıq ki, onların arasında xüsusi bacarığa, istedada malik olanlar yetərincədir və onların istedadına verilən mənəvi dəyər uşaqlarda stimul yaradır, gələcəyə nikbin baxmalarına təkan verir.
"Neftçi İdman Klubu” dövlətimizin bu istiqamətdə həyata keçirdiyi siyasəti daim dəstəkləyir və belə xeyirxah işlərdə öncül təşkilatlardan olduğunu öz əməlləri ilə sübut etməyə çalışır. Klub bugünlərdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş növbəti tədbir keçirdi. Nizami rayonundan millət vəkili seçilmiş Rövnəq Abdullayevin təşəbbüsü və "Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə həyata keçirilən tədbir həmin rayonda yerləşən əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün nəzərdə tutulmuş 3 saylı xüsusi təhsil məktəbində oldu.
Qeyd edək ki, 1974-cü ildən fəaliyyət göstərən orta təhsil ocağında hazırda 112 müəllim 511 uşağa bilik verməklə məşğuldur. Bu uşaqlardan 211-i məktəbdə, 300 nəfəri isə evdə təhsil alır. Məktəbdə təhsil alan uşaqlar gündə iki dəfə isti yeməklə təmin olunurlar. Bu məktəb dövlət qayğısı ilə tam əhatə olunub. Belə ki, 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunan təhsil ocağında hər cür şərait mövcuddur. Eyni zamanda burada oğlanlar üçün dülgər, qızlar üçün isə tikiş sənətinə yiyələnməyə imkan yaradılıb. Məktəbdə xalçaçılıq, rəsm dərnəkləri fəaliyyət göstərir ki, bu da kifayət qədər istedadlı uşaqların üzə çıxmasına imkan verir. Təhsil ocağında istedadlı şagirdlərin əl işlərinin sərgisi keçirilir və bu da onlara öz sənətlərini daha da inkişaf etdirmək üçün münbit şərait yaradır.
Tədbiri giriş sözü ilə açan "Neftçi İdman Klubu”nun mədəni-kütləvi tədbirlər və istirahətin təşkili sektorunun müdiri Aydın Məmmədov klubun rəhbərliyi, şəxsən Sadıq Sadıqovun adından uşaqları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik etdi, məktəbin bütün müəllim-şagird heyətinə ən xoş arzularını çatdırdı.
Əvvəlcə məktəbin məzunları ilə vidalaşması ilə əlaqədar hazırladığı proqrama start verildi. Ardınca söz birincilərə verildi. Onlar da məzunları təbrik etdilər.
Sonra məktəbin direktoru Nüşabə Heydərova uşaqları son zəng münasibətilə təbrik etdi: "Düz on il əvvəl mən sizləri 1-ci sinfə qəbul etmişəm. Sizə uzun ömür, cansağlığı, həyatda öz yolunuzu tapmağı arzu edirəm. Allahdan diləyim budur ki, valideynləriniz öz istəklərinə çatsın. Birincilər də sizin layiqli davamçılarınız olsunlar. Onlara da təhsillərində uğurlar diləyirəm. Kollektivlə birlikdə mənim məzunlara kiçik hədiyyəm var”, - deyə Nüşabə xanım onuncuların hər birinə hədiyyə təqdim etdi.

Buraxılış sinfinin ilk müəllimi olmuş Elmira Həsənova çıxış edərək dedi: "Dərs ilinin başa çatması münasibətilə bütün müəllim kollektivini, valideynləri, şagirdləri, əsasən də məzunları ürəkdən təbrik edirəm. Onuncular mənim bu məktəbdə ilk sinfim olub. Mən bu gün həm kədərlənirəm, həm də sevinirəm. Sevinirəm ona görə ki, bir vaxtlar əllərindən tutub yazmağı öyrətdiyim uşaqlar artıq böyüyüblər, məzun olublar. Kədərlənirəm ona görə ki, onlardan ayrılıram. Bu sinif məktəbin ən nümunəvi siniflərindən biri olub. Valideynlərə də təşəkkür edirəm. Onlar düz on il uşaqların təhsil almasında yaxından köməklik göstərdilər”.
Sonra Elmira xanım məzunların hər birinə öz adından hədiyyə təqdim etdi.
Valideynlərdən bir neçəsi çıxış edərək, məktəbin müəllim kollektivinə bu on il ərzində övladlarına göstərdikləri qayğıya görə dərin minnətdarlıqlarını bildirdilər.
Tədbirdə çıxış edən Elmira Şeydayeva məktəbin məzunlarını, eləcə də digər uşaqları 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə təbrik etdi. "Ölkəmizdə uşaqlara xüsusi qayğı ilə yanaşılır. Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva uşaqlara, gənclərə daim qayğı yanaşır və xüsusi diqqətə ehtiyacı olan uşaqları heç zaman unutmurlar.
Bu tədbir Nizami rayonundan millət vəkili seçilən Rövnəq
Abdullayevin təşəbbüsü ilə həyata keçirilir. Tədbirdə iştirak edən uşaqlara "Neftçi İdman Klubu” İctimai Birliyi tərəfindən xüsusi hədiyyələr təqdim olunacaq. Mən klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun adından bir daha məzunları məktəbi bitirmələri, burdakı bütün uşaqları isə bayram münasibətilə təbrik edir, hamınıza uzun ömür və cansağlığı arzulayıram”, - deyə o əlavə etdi.
Sonra konsert proqramı oldu. Yasəmən İbrahimovanın rəhbərliyi altında "Dəniz” rəqs qrupunun gözəl çıxışı tamaşaçıların böyük alqışına səbəb oldu. İki saat davam edən konsert proqramı uşaqlar üçün əsl bayrama çevrildi. Məzunlar və digər uşaqlar yorulmadan, böyük coşqu ilə rəqs etdilər.
Tədbirin sonunda "Neftçi İdman Klubu”nun mədəni-kütləvi tədbirlər və istirahətin təşkili sektorunun işçiləri çoxsaylı hədiyyələri uşaqlara təqdim etdilər.
Məktəbin direktoru Nüşabə Heydərova tədbirin təşkilatçılarına rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirdi.




Tofiq Ataxanoğlu,
Vaqif Alıoğlu