ADBTİA-nın məzunları tələbəlik həyatı ilə vidalaşdılar

ADBTİA-nın məzunları tələbəlik həyatı ilə vidalaşdılar


İyunun 9-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) akt zalında 2014-cü il məzunlarının buraxılış gecəsi keçirildi. Tədbirdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev, Azərbaycan gənclər və idman nazirinin müavinləri İntiqam Babayev və İsmayıl İsmayılov, ADBTİA-nın prorektorları Qəhrəman Məmmədyarov, Dilqəm Quliyev, Yusif Babanlı, akademiyanın müəllim və tələbə heyəti, bir sıra tanınmış idmançılar iştirak edirdilər.
Təbrik üçün söz Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyevə verildi. Ağacan müəllim məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı: «Hörmətli qonaqlar və tələbələr! Bu gün əlamətdar gündür. Biz ilk dəfə olaraq akademiyanın fəal məzunlarının iştirakıyla məzun gecəsi keçiririk. Bu tələbələr son dəfə akademiyanın akt zalında öz bacarıq və istedadlarını nümayiş etdirirlər. Qeyd edim ki, bu tədbirin ənənəyə çevriləcəyinə inanıram. Burada təhsil aldıqları müddətdə fərqlənən fəal tələbələr akademiyanın dəstəyi bundan sonra da dövlət tədbirlərində, müxtəlif mədəni-kütləvi tədbirlərdə iştirak edəcəklər. Mən öz adımdan, akademiyanın müəllimləri adından məzun tələbələrin hər birini təbrik edir, onlara uğurlar arzulayıram. Arzu edirəm ki, bu günün məzunları sabahın savadlı, bilikli mütəxəssisləri olsunlar və Azərbaycanın dövlət quruculuğunda öz layiqli sözlərini desinlər. İstedadlı və bacarıqlı gəncləri aşkar etmək, qiymətləndirmək, onlara öz imkanlarını nümayiş etdirmək üçün imkan yaratmaq bizim borcumuzdur».
Çıxışdan sonra ADBTİA-nın rektoru Ağacan Abiyev fərqlənən tələbələrə akademiyanın fəxri fərman və diplomlarını təqdim etdi.
Çıxış edən ADBTİA-nın tələbə gənclərlə iş üzrə prorektoru Yusif Babanlı akademiyanın tələbələri adından rektor Ağacan Abiyevə minnətdarlığını bildirdi. O qeyd etdi ki, Ağacan müəllim bir rektor kimi həmişə tələbələrin yanında olub, onlara daim dəstək verib. Prorektor bildirdi ki, ali təhsil ocağı bundan sonra da lazım gələrsə, məzunlara öz köməyini əsirgəməyəcək.
Yusif Babanlı məzunları təbrik edərək onlara uğurlar arzuladı.
Sonra məzun tələbələr tərəfindən hazırlanmış xüsusi plaket rektor Ağacan Abiyevə təqdim edildi.
Tədbirin sonunda tələbələrin iştirakıyla rəngarəng bədii proqram nümayiş olundu. Proqram çərçivəsində akademiyanın məzunları tələbəlik və idman həyatını əks etdirən səhnəciklər göstərildi, tanınmış müğənnilərin repertuarından bəstəkar mahnıları ifa olundu. Konsert proqramı tamaşaçıların gur alqışları ilə qarşılandı.
Sonda xatirə şəkli çəkdirildi.