Ölkəmizdə ilk dəfə milli qolf turniri keçirilib

Ölkəmizdə ilk dəfə milli qolf turniri keçirilib


İyunun 7-də Azərbaycan Qolf Federasiyasının və Milli Qolf Klubunun birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə milli qolf turniri keçirilib.
Quba şəhərində keçirilən turnirdə Azərbaycan vətəndaşları, ölkəmizdə əmək fəaliyyəti göstərən əcnəbilər, eyni zamanda, xarici ölkələrdən gəlmiş qolf həvəskarları iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu mötəbər turnirin əsas məqsədi qolfçular üçün maraqlı və rəqabətli yarış təşkil etmək, ölkəmizdə yeni yaranan bu idman növünü daha geniş kütləyə çatdırmaq və Azərbaycanı yeni qolf ölkəsi kimi dünyaya təqdim etməkdən ibarət olub.
Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov turnirin açılışında bildirib ki, Azərbaycanda keçirilən belə mötəbər turnirlər qolfun inkişafında mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, gənc nəslin bu idman növünə marağını daha da artırmağa xidmət edən turnir, eyni zamanda, Azərbaycanı dünya qolf ictimaiyyətinə tanıdacaq.
Turnir 18 dəlikli "Mixed Stroke Play” formatında təşkil olunub. Bir mərhələdən ibarət olan turnirdə müxtəlif "handicap” göstəricisinə malik olan həvəskar qolfçular iştirak ediblər. Turnirə qatılmış 50 oyunçudan 6 nəfəri həvəskar xanım qolfçu olub. Oyunçuların uğurlu iştirakı üçün təşkilatçılar tərəfindən bütün şərait yaradılıb. İştirakçılara turnirdən iki gün əvvəl təlim günləri təyin edilib, eyni zamanda, turnir iştirakçılarının rahatlığı üçün xüsusi nəqliyyat vasitələri ayrılıb.
Yarışda iştirak edən oyunçuların ödədikləri qeydiyyat haqları xeyriyyə məqsədləri üçün istifadə ediləcək. Başqa sözlə, əldə edilən gəlir "Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyinin dəstəyi ilə əlil uşaqlar üçün əlil arabalarının alınmasına sərf olunacaq.
Proqrama daxil olan digər xeyriyyə tədbiri isə "Nargis Fund” və "Olive Project” tərəfindən təşkil olunmuş xeyriyyə hərracı olub. Hərrac üçün "YAY!” Qalereyası və "Vault Prive” butiki öz əşyalarını təqdim ediblər. Hərraca təqdim olunmuş incəsənət əsərləri arasında rəsm, heykəltəraşlıq nümunələri və kişi akssesuarları da yer alıb. Hərracdan əldə edilmiş gəlir "Nimann Pik” adlanan genetik xəstəliyin Azərbaycanda yeganə daşıyıcısı olan azyaşlı Şəhriyar Əliyevin müalicəsi üçün sərf olunacaq.
Gərgin mübarizə şəraitində keçən turnirə yekun vurulduqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə ilk üç yeri qazanmış oyunçular kubok və müxtəlif mükafatlarla təltif olunublar.
Turnirin qalibi adını Mahmut Köylü qazanıb. Young Vang Kim ikinci, Riçard Çarles Fut isə üçüncü olublar.
Mükafatlandırma mərasimində Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov qalibləri təbrik edib, onlara gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayıb. Federasiya rəhbəri qeyd edib ki, milli qolf turniri yüksək səviyyəli yarış kimi yaddaşlarda qalacaq. Bu yarışda iştirak etmiş qolfçular yaradılan şəraitdən və turnirin gedişindən razı qalıblar.
Anar Məmmədov bildirib ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarış bundan sonra ənənəvi olaraq hər il keçiriləcək. Gələcəkdə bu turnir müxtəlif kateqoriyalar üzrə təşkil olunacaq. Federasiya rəhbəri, həmçinin qeyd edib ki, bu ilin avqust ayında Qubada daha bir mötəbər beynəlxalq qolf yarışı keçiriləcək. Avqustun 28-dən sentyabrın 3-dək davam edəcək yarışa 150-dən çox peşəkar qolfçunun qatılacağı gözlənilir.