“Atasport” qələbələrin davamını gətirə bilmədi

“Atasport” qələbələrin davamını gətirə bilmədi

Azərbaycanın kişi otüstü hokkeyçilərdən ibarət "Atasport” komandası İtaliyanın Kalqari şəhərində keçirilən klublararası Avropa çempionatında ilkin mərhələnin son oyununda məğlubiyyətə uğrayıb. "Trofi” divizyonunda debüt edən və "B” qrupunda yer alan "Atasport” Avstriya hokkeyçilərinə (3:1) və İtaliyanın "Bra” komandasına (8:1) qalib gələndən sonra III tur şərçivəsində İrlandiya təmsilçisi "Monkstovn” klubu ilə qarşılaşıb. Matçın 8-ci dəqiqəsində Ruslan Satlikov "Atasport” komandasını hesabda irəli çıxarıb. Təəssüf ki, 4 dəqiqə sonra rəqib hesabı bərabərləşdirib. Daha yaxşı oynayan İrlandiya hokkeyçiləri birinci hissəni 2:1 hesabı ilə öz xeyirlərinə başa vurublar. Bu hesab görüşün axırına yaxın dəyişib. 62-ci dəqiqədə standart cərimə zərbəsi ilə Ali Kaşif hesabda tarazlıq yaradıb. Amma sona 3 dəqiqə qalmış İrlandiya hokkeyçiləri qələbə topunu vura biliblər. Beləliklə, "Monkstovn” qitə çempionatında ilkin mərhələni lider kimi başa vurub. "Atasport” isə qrup 2-si olub. Xatırladırıq ki, reqlamentə görə, pley-off mərhələsində "A” və "B” qruplarında müvafiq yerləri tutan iştirakçılar bir-biri ilə qarşılaşacaqlar. Təəssüf ki, "Atasport” son illərin ənənəsini pozaraq, növbəti mövsümdən güclülər qrupunda deyil, yenidən "Trofi” divizyonunda yarışmaq məcburiyyətində qalıb. Sabah Bakı vaxtı ilə saat 16.00-da hokkeyçilərimiz digər qrupda 2-ci nəticə göstərən yerli "Amsicora” komandası ilə III yer uğrunda oynayacaqlar. Final görüşündə isə Ukrayna təmsilçisi OKS-SHVSM və İrlandiyanın "Monkstovn” klubları qarşılaşacaq.
Bu yarışla paralel olaraq, Çexiyanın Rakovnik şəhərində keçirilən Avropa klub çempionatının "Çelenc I” divizyonunda çıxış edən Azərbaycan çempionu "Akkord” komandası dünən yerli "Rakovnik” klubunun hokkeyçiləri ilə son qrup oyununu keçirib. Sevindiricidir ki, həmyerlilərimiz italiyalı pərəstişkalar qarşısında yeli "Rakovnik”i 5:4 hesabı ilə məğlubiyyətə uğratmağı bacarıblar. Rəqib qapısından topları Saleh Balamiyev (3) və Yalçın Qayıbov (2) keçiriblər. Yekunda "Akkord” "B” qrupunda II yeri tutub. "Trofi” divizyonundan fərqli olaraq, reqlamentə görə, "Çelenc I” turnirində iştirakçılar pley-off mərhələsində çarpaz üsulla görüşəcəklər. "Akkord” finala və növbəti mövsümdən "Trofi” divizyonuna vəsiqə qazanmaq üçün sabah digər qrupun qalibi- İrlandiya təmsilçisi "Banbridge” klubu ilə qarşılaşacaq.