İyunun 13-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə XXX Avropa çempionatının açılış mərasimi keçirildi.
Olimpnews.az xəbər verir ki, mərasimdə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Avropa Gimnastika İttifaqının prezidenti Jorj Qerzek, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər iştirak edirdilər. Tədbirin rəsmi hissəsini açıq elan edən Azad Rəhimov Azərbaycanda idman və Olimpiya Hərəkatının təbliği və inkişafına yüksək səviyyədə göstərilən dövlət qayğısından danışdı. Nazir bildirdi ki, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın federasiyaya rəhbərliyindən sonra bu sahədə böyük canlanma hiss olunur. Nazir qeyd etdi ki, buyaxınlarda paytaxtımızda Milli Gimnastika Arenası istifadəyə verilib. İdman arenasının açılışında dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. Yeni gimnastika arenasının istifadəyə verilməsini idman həvəskarlarına hədiyyə kimi dəyərləndirən Azad Rəhimov arenanın bundan sonra daha mötəbər yarışlara ev sahibliyi edəcəyini bildirdi.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Avropa Gimnastika İttifaqının prezidenti Jorj Gerzek çıxışlarında yüksək təşkilatçılığa görə öz minnətdarlıqlarını bildirdilər və gimnastlara uğurlar arzuladılar.
Sonra bədii gimnastika üzrə Azərbaycan milli komandasının təqdimatında bədii proqram nümayiş olundu. Gimnastların ifasında ölkəmizin tarixi, mədəniyyəti, incəsənətini, eləcə də dünya mədəniyyətini əks etdirən rəngarəng çıxışları tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.
Bədii hissədən sonra böyüklərdən ibarət Belarus və İsveçrə yımasının qrup komandası çıxış etdi.
Sonra səhnəyə Azərbaycan gimnastları dəvət olundu.
Komandamızın üzvləri "Sarı gəlin” musiqisinin sədaları altında gözəl çıxış nümayiş etdirdilər.
Səadət
Aysel
Anar