Azərbaycan gimnastları Avropa çempionatında altıncı yer tutdular
İyunun 13-də Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə XXX Avropa çempionatı başladı.
Çempionatın ilk günü əvvəlcə yeniyetmə gimnastlar fərdi proqramla çıxış etdilər. Halqa və top ilə yarışlarda Azərbaycan gimnastı Jalə Piriyeva 31,466 xalla ilk pillədə qərarlaşdı. İsrail təmsilçisi Linoy Aşram 31,382 xalla ikinci, Mariya Trubaç (Belarus) isə 31,249 xalla üçüncü oldular.
Komanda hesabında Belarus 62,923 xalla liderdir. Rusiya kollektivi (62,366 xal) ikinci, Azərbaycan yığması (61,815 xal) isə üçüncü pillədə yer alıb.
Çempionatda qrup hərəkətləri üzrə böyüklərdən ibarət komandalar 10 gürz / 3 top – 2 lentlə mübarizə aparıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Rusiya millisi 36,566 xalla qızıl medal qazandı. İtaliya gimnastları 34,749 xalla ikinci, İsrail kollektivi 34,383 xalla üçüncü pillədə qərarlaşdı.
Azərbaycan komandası çempionatda 34,050 xalla altıncı oldu.
İyunun 15-də yekun vurulacaq çempionatda 33 ölkədən 200-dən artıq gimnast iştirak edir.