«Bu, adamdan böyük məsuliyyət tələb edir»
İyunun 14-də Azərbaycan gimnastları Jalə Piriyeva və Züleyxa İsmayılova Milli Gimnastika Arenasında çıxışlarından dərhal sonra yarış barədə öz təəssüratlarını olimpnews.az saytı üçün bölüşdülər.
Qızlar çox həyəcanlı və yorğun görünürdülər. Əvvəlcə Jalə Piriyevaya yaxınlaşdıq:
- Jalə, öz çıxışından razı qaldınmı?
- Düşünürəm ki, yaxşı çıxış etdim. Çıxışım həm tamaşaçıların, həm də hakimlərin xoşuna gəldi. Müəyyən səhvlər oldu, amma bu, xırda səhvlər idi. Bürünc medal alacağımıza inanıram.
- Doğma divarlar arasında çıxış etmək sənin üçün necə idi?
- Bakıda çıxış etmək bir tərəfdən asan, bir tərəfdən də çətin idi. Asan idi, ona görə ki, öz evindəsən, öz azarkeşlərin var və onlar səni dəstəkləyirlər. Digər tərəfdən, bu, adamdan böyük məsuliyyət tələb edir.
-Züleyxa, yarış necə keçdi?
- Nəhayət ki, uzunmüddətli gərgin məşqlər, stress sona çatdı və biz bu gün bürünc medala sahib olacağıq. Bu, böyük qələbədir.
- Səncə, çıxışda sənə nə mane oldu?
- Çox həyəcanlı idim və bu da çıxışıma təsir göstərdi.
- Sizi təbrik edirik və sabahkı yarışlarda uğurlar arzulayırıq.
Səadət