Sərbəst güləşçilərimiz Polşada iki medal qazandılar

Sərbəst güləşçilərimiz Polşada iki medal qazandılar


Polşanın Katovitse şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından olimpnews.az-a daxil olan xəbərə görə, çempionatın ikinci günündə 55, 66, 84 və 120 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıblar. Sərbəst güləşçilərimiz çempionatda, ümumilikdə, 1 qızıl və 1 gümüş medal qazanıblar.
Çempionatda 66 kiloqram çəki dərəcəsində mübarizə aparmış Murad Süleymanov finaladək inamla irəliləyib. O, ardıcıl olaraq Rumıniya, Yunanıstan, Belarus və Türkiyədən olan rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Həlledici görüşdə güləşçimizin rəqibi Gürcüstan idmançısı olub. Gərgin keçən qarşılaşmada hesab bərabər olsa da, son xalı rəqib qazandığından M.Süleymanov gümüş medalla kifayətlənməli olub.
Nurməhəmməd Hacıyev (84 kq) də finaladək bütün rəqiblərində üstün olub. Bolqarıstan, Moldova və Ukrayna güləşçilərini məğlub edən idmançımız finala yüksəlib. Finalda Gürcüstan güləşçisi ilə gərgin keçən qarşılaşmadan qalib ayrılan N.Hacıyev Avropa çempionu adını qazanıb.