«Neftçi İdman Klubu» “Atam, anam və mən” turizm yarışı keçirildi

 «Neftçi İdman Klubu» “Atam, anam və mən” turizm yarışı keçirildi

"Neftçi İdman Klubu” ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yaxından iştirak edən və bu istiqamətdə öz töhfəsini verən qurumlardan biridir. Klub peşəkar idmanla yanaşı, neft, qaz və kimya sənayesinin işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar da təşkil edir. İntensiv xarakter daşıyan bu tədbirlər idmanın kütləviləşməsi, sağlam gəncliyin yetişməsi və neftçilərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə təşkil olunur.
"Neftçi İdman Klubu”nun neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri və onların ailə üzvlərinin iştirakı ildə keçirdiyi yarış 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Atam, anam və mən” idman-turizm yarışı oldu. İyunun 13-15-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki "Qoşa çinar” istirahət mərkəzində təşkil olunan yarışda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, "Azərneftyağ” Neft Emalı Zavodu, "28 May” NQÇİ, Qaz İxrac İdarəsi, Dalğıc və Qəzadan Xilasetmə İşləri İdarəsi və "Neftqazelmitədqiqatlayihə” İnstitutunun komandaları mübarizəyə qoşulmuşdular.
Yarışın keçirilməsində əsas məqsəd "Atam, anam və mən” idman-turizm yarışını neftçilər arasında inkişaf etdirmək, işçilərə təbii şəraitə uyğunlaşma vərdişlərini aşılamaq, onlar arasında sağlam həyat tərzini təbliğ etmək, turizm üzrə yarışların yeni formalarını araşdırmaq və tətbiq etmək idi.
Turnirin qaydasına görə, hər komandanın tərkibi 4 nəfərdən (1 kişi, 1 qadın, 1 uşaq (oğlan və ya qız) və 1 nümayəndə) ibarət idi. Oğlan və qızlar arasında yarışlar ayrılıqda keçirilirdi. Uşaqların yaş həddi 14-dən yuxarı olmamalı idi və komandanın tərkibinə yalnız ailə üzvləri daxil ola bilərdi. Hər müəssisənin 4 komanda ilə təmsil olunmaq hüququ var idi.
Əvvəlcə püşkatma oldu. Sonra yarışın baş hakimi Natalya Əliyeva iştirakçılara yarış haqda məlumat verdi. Yarışın keçirilmə qaydası bedə idi: ailə komandası start nöqtəsindən çıxaraq yaxınlıqdakı bataqlıq üzərində qurulmuş taxta keçidi adlayır və iki ağac arasından asılmış qoşa kəndiri ayaqüstə keçdikdən sonra xüsusi kisələr qoyulmuş nöqtəyə doğru qaçırdı. Burada hər iştirakçı qurşağa qədər ayrı-ayrı kisələrə girir və müəyyən məsafəni bu vəziyyətdə tullana-tullana irəliləyirdi. Onlar təyin olunmuş nöqtədə kisələrdən çıxaraq, qarşıda quraşdırılmış nişangaha xüsusi kiçik ox atırdılar. Bundan sonra komanda üzvləri ağacdan asılmış kəndir vasitəsilə müəyyən olunmuş məsafəyə tullanır və növbəti hədəfə doğru qaçırdı. Bu nöqtədə ata və ana hərəyə 2, uşaq isə 3 ədəd topu halqanın içərisinə atırdı. "Zərərçəkənin daşınması” nöqtəsinə çatan ata və ana uşağı əlləri üzərinə götürüb onu finişə daşıyırdılar. Yarışı ən tez və səhvsiz (və ya daha az səhvlə) başa çatdıran komanda qalib hesab olunurdu.
Beləliklə, ailə komandaları arasında bir neçə saat davam edən yarışlara yekun vuruldu. Oğlanlar arasında Camalovlar ailəsi (Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) yarışın qalibi adını qazandı. Gəncəliyevlər ailəsi ("Azərneftyağ” NEZ) 2-ci, Qurbanovlar ailəsi ("28 May” NQÇİ) isə 3-cü yerə çıxdı. Qızlar arasında da liderliyə Heydər Əliyev adına BNEZ-i təmsil edən komanda - İsgəndərovlar ailəsi yüksəldi. Umudovlar ailəsi (Dalğıc və Qəzadan Xilasetmə İşləri İdarəsi) 2-ci, Bayramovlar ailəsi ("Qaz İxrac” İdarəsi) isə 3-cü yeri tutdu.
Növbəti gün uşaqlar arasında "Şən startlar” əyləncəli yarışı keçirildi. Müxtəlif maraqlı oyunların birinin digərini əvəz etməsi və yüksək səviyyədə təşkil olunmuş yarışda uşaqların böyük həvəslə iştirakını və onların üzündəki sevinci müşahidə etmək insanda ən xoş hisslər yaradırdı. Yarış yekunlaşdıqdan bir qədər sonra uşaqlar arasında şeir demək, rəqs etmək və mahnı oxumaq, eləcə də ölkəmizin tarixi və coğrafiyası ilə bağlı tərtib olunmuş suallar üzrə intellektual oyun təşkil olundu.
Sonda təşkil olunan mükafatlandırma mərasimində "Neftçi İdman Klubu”nun bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov çıxış edərək 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun adından təbrik etdi.
Yer tutmuş komandalara klubun diplom və hədiyyələri təqdim olundu. Sonra uşaqlar arasında keçirilən yarışlarda və müsabiqələrdə qalib gələnlər mükafatlandırıldılar. "Neftçi İdman Klubu” "ən kiçik turist”, "ən fəal turist” və "ən qocaman turist” nominasiyaları üzrə də mükafatlar təsis etmişdi. Bu nominasiyaların qalibi adına, müvafiq olaraq, Aliyə Muradzadə (Dalğıc və Qəzadan Xilasetmə İşləri İdarəsi), Almaz Abbasova ("Neftqazelmitədqiqatlayihə” İnstitutu) və Qələmnaz Axundova ("Azərneftyağ” Neft Emalı Zavodu) layiq görüldülər.
Sonda yarışda iştirak edən bütün uşaqlara bayram hədiyyələri təqdim olundu.















Tofiq Ataxanoğlu,
"Neftçi İdman Klubu”
İctimai Birliyinin
mətbuat xidmətinin rəhbəri,
Əməkdar jurnalist