“Olimpiyaçılar aramızdadır” telelayihəsi Bakı-2015 Avropa Oyunlarının təbliğinə xidmət edir

“Olimpiyaçılar aramızdadır” telelayihəsi Bakı-2015 Avropa Oyunlarının təbliğinə xidmət edir

"Kainat” Gənclik Mərkəzi həyata keçirdiyi layihələr çərçivəsində gənclərin sağlam həyat tərzində tərbiyə edilməsi və formalaşmasında, onların hərtərəfli maariflənməsində, eləcə də, intellektual səviyyələrinin inkişafında mühüm rol oynayır. Mərkəz fəaliyyət göstərdiyi 24 il ərzində kütləvi xarakter daşıyan tədbirlərə üstünlük verib. Mərkəz fiziki qüsurlu uşaqlar üçün nəzərdə tutulmuş internat və xüsusi məktəblər arasında çoxnövçülük üzrə spartakiadalar təşkil edir. Bu isə əlillərin cəmiyyətə, o cümlədən idmana inteqrasiyasına zəmin yaradır. Təsadüfi deyildir, bu illər ərzində "Kainat” Gənclik Mərkəzi gənclər təşkilatlarının müxtəlif qurumlarla əlaqələrinin yaranmasında da mühüm işlər görüb.
Azəbaycanda idman yüksək inkişaf mərhələsinə qədəm qoyub və respublikamız dünyada idman ölkəsi kimi tanınır. Ölkədə idmana və Olimpiya Hərəkatına dövlət səviyyəsində göstərilən diqqət və qayğı bu sahədə gənclərin fəallığına imkan yaradır. Məhz buna görədir ki, ölkəmizin gənc idmançıları dünya, Avropa və Olimpiya oyunlarında Azərbaycanın himnini səsləndirir, bayrağımızı dalğalandırırlar.
"Kainat” Gənclik Mərkəzi də öz işini günün tələbləri səviyyəsində qurmağa çalışır. Təşkilat həm idman, həm də gənclər sahəsində bir sıra layihələr həyata keçirir. Gəncləri öz ətrafında bu toplayan bu mərkəzin "2011-2015-ci illər Dövlət Gənclər Siyasəti” proqramı əsasında bir-birindən maraqlı layihələr hazırlaması dediklərimizə bariz nümunədir. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Milli Olimpiya Komitəsinin (MOK) iştirakı və "Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə İctimai Televiziyada yayımlanan "Olimpiyaçılar aramızdadır” tele-oyunu layihəsi də bu qəbildəndir. Tələbə və gənclərimizin iştirakı ilə silsilə verilişlər çərçivəsində nümayiş etdirilən bu proqramın əsas məğzi 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarını təbliğ etməkdir. Tele-oyunda yer alan viktorinanın sualları Olimpiya oyunlarının tarixini və Azərbaycan idmanının şanlı salnaməsini əhatə edir. Olimpiya halqalarının rənglərinə müvafiq olaraq, viktorinalarda 5 komanda mübarizə aparır. Komandaların tərkibi 3 əsas və 7 köməkçi iştirakçıdan ibarət olur. Qeyd etdiyimiz kimi, bu layihənin həyata keçirilməsində məqsəd gəncləri Olimpiya oyunları ilə maariflənləndirmək, gənclərimizi Olimpiya və olimpizm ruhunun tərbiyə etmək, eyni zamanda onları 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlamaqdır.
"Olimpiyaçılar aramızdadır” adlı tele-oyunun bir neçə viktorinası MOK-un dəstəyi və köməyi sayəsində Bakıda fəaliyyət göstərən müxtəlif Olimpiya idman komplekslərində keçirilib. Viktorinalarda ölkənin tanınmış idman mütəxəssisləri, Olimpiya çempionları, eləcə də, MOK-un nümayəndələri qonaq qismində iştirak ediblər.
"Kainat” Gənclik Mərkəzi artıq tele-oyunun final mərhələsinin hazırlıqlarına başlayıb. Qeyd edək ki, final oyunundan sonra iştirakçılara və qaliblərə Milli Olimpiya Komitəsinin və Təşkilat Komitəsinin diplom və qiymətli hədiyyələri təqdim olunacaq.
Mərkəz "Olimpiyaçılar aramızdadır” tele-oyun layihəsini gələcəkdə də davam etdirməyi planlaşdırır. Tele-oyunun bir mərhələsinin 2016-cı ilin Avropa Gənclər paytaxtı seçilmiş Gəncə şəhərində təşkili nəzərdə tutulub.
İnanırıq ki, "Kainat” Gənclik Mərkəzi”nin həyata keçirdiyi "Olimpiyaçılar aramızdadır” layihəsi tələbə və gənclərin könüllülər hərəkatına qoşulmasına, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarında fəal iştirakına zəmin yaradacaq.