Azərbaycan güləşçiləri Avropada 3-cü oldular
Polşanın Katovitse şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı başa çatıb.
Olimpnews.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına əsasən xəbər verir ki, güləşçilərimiz çempionatda 4 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.
İlk olaraq çempionatda mübarizəyə başlayan sərbəst güləşçilərimiz aktivlərinə 1qızıl və 1 gümüş medal yazdırıblar. Güləşçimiz Nurməhəmməd Hacıyev (84 kq) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Murad Süleymanov (66 kq) isə gümüş medalla kifayətlənməli olub. Yığmamız komanda hesabında 5-ci yeri tutub.
Gənc qızlardan ibarət yığma komandamızın üzvləri çempionatda 1 gümüş və 2 bürünc medala sahib olublar. Elmira Qəmbərova (63 kq) yalnız final görüşündə uduzub. Türkan Nəsirova (44 kq) və Raqnetta Qurbanzadə (67 kq) isə bürünc medal əldə ediblər. Bu nəticə ilə yığmamız komanda hesabında 5-ci olub.
Çempionatın son iki günündə mübarizəyə qoşulan yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri 3 qızıl medal qazanıblar. Belə ki, İbrahim Nurullayev (50 kq), Murad Məmmədov (55 kq) və İslam Abbasov (84 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Ümumilikdə 45 xal toplayan Azərbaycan yığması komanda hesabında Rusiya və Gürcüstandan sonra üçüncü pillədə qərarlaşıb.