Polşanın Katovitse şəhərində gənclər arasında keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulub. Güləşçilərimiz qitə çempionatında ümumilikdə 4 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olublar.
İlk olaraq çempionatda mübarizəyə başlayan sərbəst güləşçilərimiz 1qızıl və 1 gümüş medal əldə ediblər. Nurməhəmməd Hacıyev (84 kq) bütün rəqiblərindən üstün olub və qızıl medal qazanıb. Murad Süleymanov (66 kq) isə gümüş medalla kifayətlənib. Yığmamız komanda hesabında 5-ci sırada qərarlaşıb.
Gənc qızlardan ibarət yığma komandamızın üzvləri çempionatda 1 gümüş və 2 bürünc medal qazanıblar. Elmira Qəmbərova (63 kq) yalnız final görüşündə uduzaraq gümüş medala sahib olub. Türkan Nəsirova (44 kq) və Raqnetta Qurbanzadə (67 kq) isə bürünc medal əldə ediblər. Bu nəticə ilə, yığmamız komanda hesabında 5-ci yerdə qərarlaşıb.
Çempionatın son iki günündə mübarizəyə qoşulan yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri 3 qızıl medal qazanıblar. İbrahim Nurullayev (50 kq), Murad Məmmədov (55 kq) və İslam Abbasov (84 kq) bütün rəqiblərindən üstün olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ümumilikdə 45 xal toplayan yığmamız komanda hesabında Rusiya və Gürcüstan millilərindən sonra 3-cü olub.