Fransadakı Eqvebelett gölündə keçirilən akademik avarçəkmə üzrə Dünya kuboku yarışlarının ikinci mərhələsinə yekun vurulub.
Reqatada ölkəmizi 5 avarçəkən təmsil edib.Onlardan Aleksandr Aleksandrov - Boris Yotov cütlüyü iki nəfərlik qoşa avarlı qayıqla 2000 metr məsafəyə seçmə yürüşdə finişə 6 dəqiqə 15,970 saniyəyə çataraq birinci olub. Bu nəticə ilə cütlüyümüz birbaşa yarımfinala çıxıb. Növbəti mərhələdə onlar eyni məsafəni daha tez - 6 dəqiqə 14,000 saniyəyə qət edərək, finala adlayıb. Həlledici mərhələdə isə cütlüyümüz ümumi məsafənin 1500 metrlik hissəsini hamıdan öndə keçsə də, son 500 metrlik hissədə mövqeyini əldən verib və 6 dəqiqə 13,640 saniyə nəticə ilə ikinci yeri tutub.
Qeyd edək ki, 18 yaşlı Boris Yotov və 24 yaşlı Aleksandr Aleksandrovdan ibarət cütlük mayın 30-dan iyunun 1-dək Serbiyanın paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında da gümüş medal qazanmışdı.