Qadın boksçularımızdan parlaq qələbə

Qadın boksçularımızdan parlaq qələbə

Qadınlardan ibarət boks üzrə milli komandamız Almaniyanın Hamburq şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib. Yarşda 12 ölkənin 130 boksçusu qələbə uğrunda mübarizə aparıb.
Avropanın qadın boksunda güclü ənənələri olan İsveç, Norveç, Polşa, Danimarka, Türkiyə, Avstriya və Çexiya kimi ölkələrinin idmançıları bu yarışda iştirak ediblər. Komandamız Hamburqda uğurla çıxış edərək 3 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub. 51 kq çəki dərəcəsində mübarizə aparan Əzizə Abbasova bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Leyla Cavadova da (75 kq) komanda yoldaşının uğurunu təkrarlayaraq, Almaniyadan vətənə qızıl medalla dönüb. Yeniyetmələrin yarışında +81 kq çəki dərəcəsində çıxış edən Alina Hacıyeva da bütün görüşlərini qələbə ilə başa vurub. Qeyd edək ki, Abbasova və Cavadovanın yarımfinal döyüşləri daha çox yadda qalıb. Əzizə yarımfinalda İsveç, Cavadova isə Çexiya idmançısı üzərində əzmkar qələbə qazanıb. 48 kq çəki dərəcəsindəki təmsilçimiz Ceyran Dadaşova və Aynur Rzayeva (81+kq) yalnız finalda uduzaraq, 2-ci nəticə göstəriblər. Anaxanım Ağayeva (51 kq) yarımfinalda Norveç boksçusuna məğlub olaraq, 3-cü yerlə kifayətlənib.