Stolüstü tennis üzrə respublika təsnifat turniri başa çatıb

Stolüstü tennis üzrə respublika təsnifat turniri başa çatıb


İyunun 19-20-də "Şüa” idman-sağlamlıq kompleksində Milli Qurtuluş Gününə həsr olunmuş 2002-ci il təvəllüdlü və azyaşlı oğlan və qızlar arasında stolüstü tennis üzrə respublika təsnifat turniri keçirilib. Şəxsi xarakter daşıyan yarışın keçirilməsində əsas məqsəd stolüstü tennisi respublikada daha da təbliğ etmək, populyarlaşdırmaq və ən perspektivli idmançıları aşkara çıxarmaqdan ibarət olub. Yarışda Bakı Tennis Məktəbinin, "Lokomotiv” İSM-in, "Neftçi İdman Klubu” İB-in, "Qaradağ” UGİM-in, eləcə də Sumqayıt, Şabran, Şirvan və Şəki idmançıları iştirak ediblər. İki gün davam edən turnirdə oğlanlar arasında "Lokomotiv” İSM-in nümayəndəsi Fəxri Abdullayev birinci yerə çıxıb. Bakı Tennis Məktəbinin idmançısı Kənan Pənahov ikinci, Şabran təmsilçisi Nihad Məmmədov üçüncü yeri tutub. Qızların mübarizəsində isə Şabran tennisçiləri fəallıqları ilə seçiliblər. Belə ki, Zakir Cavadovun rəhbərlik etdiyi komandanın iki üzvü - Aliyə Haşımova və Zöhrə Abdullayeva, müvafiq olaraq, birinci və ikinci yerləri tutublar. Onu da qeyd edək ki, Şabran tennisçiləri bu yarışda daha yaxşı nəticə göstərərək üç medal qazanıblar. "Neftçi İdman Klubu” İB-in yetirməsi Zemfira Mikayılova yarışları üçüncü pillədə başa vurub.
Turnirin qalibləri Azərbaycan Stolüstü Tennis Federasiyasının diplomları və qiymətli hədiyyələrlə təltif olunublar.