Almaniyanın Dortmund şəhərində güləş üzrə Qran-pri beynəlxalq turniri keçirilib. Turnirdə sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandanın üzvləri iştirak ediblər.
Yığma komandanın baş məşqçisi Semyon Çterevin rəhbərliyi altında turnirə 4 güləşçimiz yollanıb. Onların hamısı turnirin baş mükafatına sahib olub. Yarışda 4 qızıl medal qazanan güləşçilərimiz komanda hesabında Almaniya idmançılarından sonra ikinci yerdə qərarlaşıblar.
Turnirin ilk günündə mübarizə aparan güləşçilərimiz 3 qızıl medal əldə ediblər. 65 kq-da mübarizə aparan Hacı Əliyev macarıstanlı İstvan Nemeth (12:2), rumıniyalı Georg Bucur (10:0) və serbiyalı İbro Cakovic (2:1) üzərində qələbə qazanaraq finala yüksəlib. Finalda ötən ilin dünya çempionu erməni David Safaryanla görüşü 7:2 hesablı qələbə ilə başa vuran Hacı Əliyev Almaniya Qran-Prisinin qızıl medalına sahib olub.
74 kq-da təmsilçimiz Cəbrayıl Həsənov fransız Xavier Befort (11:0) və Luca Lampis (6:0) üzərində inamlı qələbə qazanıb. Finalda yerli güləşçi Georg Harta heç bir şans verməyən Cəbrayıl 13:0 hesablı qələbə ilə turnirin baş mükafatını qazanıb.
86 kq çəki dərəcəsində mübarizə aparan Həmzət Osmanov Fransa təmsilçisi Ahmed Aybuevi (10:0) mübarizədən kənarlaşdırdıqdan sonra alman Mixail Kaufmehli (5:0) və Gabriel Seregelyini (4:1) məğlub edərək finala yüksəlib. Finalda güləşçimizin rəqibi Polşa təmsilçisi Zbiqnev Baranovski olub. 6:2 hesablı qələbə qazanan Həmzət Osmanov turnirin qızıl medalına sahib olub.
Turnirin ikinci günündə 70 kq çəki dərəcəsində güləşçimiz Ruslan Dibirhacıyev mübarizə aparıb. Avstriyadan Georg Marchil (10:0) və Almaniyadan Samet Duelgeri (5:2) məğlub edən təmsilçimiz finala vəsiqə qazanıb. Finalda Ruslan Dibirhacıyev Rumıniya güləşçisi Adrian Moiseyə 5:1 hesabı ilə qalib gəlib və turnirin qızıl medalını qazanıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vüqar Şükürov təmsil edib.