Yeniyetmə güləşçilərimiz dünya çempionatına hazırlaşırlar

Yeniyetmə güləşçilərimiz dünya çempionatına hazırlaşırlar


İyulun 15-dən 20-dək Slovakiyanın Snina şəhərində yeniyetmələr arasında güləş üzrə dünya çempionatı keçiriləcək.
Yığma komandalarımız çempionatda tam heyətlə iştirak edəcəklər. Yığma komandalarımız hər üç növ üzrə son təlim-məşq toplanışını davam etdirirlər.
Yunan-Roma güləşi üzrə yığma komandamız iyunun 28-dən Qusar Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında heyətdə 20 idmançı yer alıb. Təlim-məşq toplanışı iyulun 11-dək davam edəcəkdir.
Yeniyetmə qızlardan ibarət yığma komandanın üzvləri iyulun 1-dən Şamaxı Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıblar. Komandanın böyük məşqçisi Aslan Ağayev, məşqçilər Həsrət Məmmədyarov, Siracuddin Eldarov, Filip Monolov və Mətanət Süleymanovanın rəhbərliyi altında heyətdə 18 güləşçi yer alıb.
Təlim-məşq toplanışı iyulun 13-dək davam edəcək.
Sərbəst güləş üzrə yığma komandanın üzvləri isə təlimlərə iyulun 3-dən başlayacaqlar. Komandanın böyük məşqçisi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Rövşən Hacıyevin rəhbərliyi altında heyətdə 20 güləşçi hazırlıq keçəcəkdir. Quba Olimpiya İdman Kompleksində keçiriləcək təlim-məşq toplanışına iyulun 17-də yekun vurulacaq.