İyulun 5-6-da Gürcüstanın Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə gənclər arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib. Yunan-Roma güləşi üzrə gənclərdən ibarət Azərbaycan yığması turnirdə tam heyətlə mübarizə aparıb.
Belə ki, məşqçilər Akif Əliyev və Zöhrab Abbasovun rəhbərliyi altında Gürcüstana Xəyyam Abdullayev (50 kq), Əli Məmmədov (55 kq), Mikayıl Rəhmanov (60 kq), Orxan Məmmədli (66 kq), Mehrac Kərimov (74 kq), Elton Vəzirzadə (84 kq), Zamir Məhəmmədov (96 kq) və Əli Həsənov (120 kq) yollanmışdılar. 8 çəki dərəcəsi üzrə keçirilən yarışda təmsilçilərimiz üç gümüş və üç bürünc medala sahib çıxıblar.
Güləşçilərimizdən Əli Məmmədov (55 kq), Zamir Məhəmmədov (96 kq) və Əli Həsənov (120 kq) finala qədər maneəsiz irəliləsələr də, həlledici qarşılaşmada məğlub olaraq gümüş medala yiyələniblər. Bürünc medalları isə komandamıza Mikayıl Rəhmanov (60 kq), Orxan Məmmədli (66 kq) və Elton Vəzirzadə (84 kq) qazandırıblar.
Beləliklə, 3 gümüş və 3 bürünc medal əldə edən pəhləvanlarımız 7 ölkə arasında komanda hesabında ikinci yeri tutublar. Ümumi komanda hesabında Gürcüstan yığması birinci, İran millisi isə üçüncü yerdə qərarlaşıb.
Məlumat üçün qeyd edək ki, yarışların idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edib.