XXII Spartakiadanın püşkü atıldı

XXII Spartakiadanın püşkü atıldı


«Neftçi İdman Klubu» ənənəvi olaraq ilin əlamətdar günlərində neft, qaz və kimya sənayesi işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir.
«Neftçi İdman Klubu» İctimai Birliyinin mətbuat xidmətindən olimpnews.az-a daxil olan xəbərə görə, birliyin idmanın kütləviləşməsi, sağlam gəncliyin formalaşması, neftçilərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi ilə keçirilən tədbirlərdən biri də Spartakiada yarışldarıdır. Neftçilərin peşə bayramına həsr olunmuş növbəti Spartakiadanın bu ilin sentyabr ayında təşkili planlaşdırılır. Artıq 22 yaşını qeyd edən neft, qaz və kimya sənayesi işçilərinin Spartakiadası hər il olduğu kimi bu il də neftçilər günü ərəfəsində təşkil olunacaq və yarışlar idmanın 14 növü (mini-futbol, atletika, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, qol gücü və güllə atıcılığı) üzrə keçiriləcək.
Dünən sentyabrın 8-i startı veriləcək spartakiadanın püşkatma mərasimi keçirildi. Qaraçuxur qəsəbəsində yerləşən «Neftçi İdman Klubu»nun idarəetmə aparatının binasındakı müşavirə zalında baş tutan tədbirdə maraqlı müzakirələr oldu. Əvvəlcə klubun bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov mərasim iştirakçılarına idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun salamlarını çatdıraraq onlara gələcək yarışlarda uğurlar arzuladı. Sonra Akif Məmmədov və klubun idman və sağlamlıq məsələləri üzrə baş meneceri Elmar Babanlı iştirakçılara hər bir idman növü və onun keçirilmə qaydaları haqda geniş məlumat verdilər.
Tədbirin sonunda Spartakiadanın püşkatması həyata keçirildi.
Qeyd edək ki, XXII Spartakiada sentyabr ayının 8-dən 14-dək keçiriləcək. Bu mötəbər tədbirin təntənəli açılış mərasimi isə sentyabr ayının 9-da Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində baş tutacaq.

Tofiq Ataxanoğlu,
"Neftçi İdman Klubu”
İctimai Birliyinin
mətbuat xidmətinin rəhbəri,
Əməkdar jurnalist