Qubada gənclərin Olimpiya və sağlamlıq festivalı keçirildi

Qubada gənclərin Olimpiya və sağlamlıq festivalı keçirildi

Iyulun 8-də Qubada Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin və "İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə təşkilatçılığı ilə müasir Olimpiya Hərəkatının yaranması və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təsis olunmasının 120 illiyi münasibətilə gənclərin Olimpiya və sağlamlıq festivalı keçirilib.
Şəhərin mərkəzindəki Nizami parkında təşkil olunmuş təntənəli mərasimdə Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin (MOK), rayon rəhbərliyinin, ictimaiyyətin nümayəndələri, eləcə də gənclər, idmançılar iştirak ediblər.
Mərasimdə Quba Rayon Gənclər və İdman idarəsinin rəisi Nöhbala Mustafayev çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısından və idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlərdən danışıb. Bildirilib ki, Olimpiya və sağlamlıq festivalının 2014-cü il üçün Azərbaycanın "Gənclər paytaxtı” seçilmiş Qubada təşkili mühüm əhəmiyyətə malikdir. Bu kimi tədbirlərin bölgələrdə təşkili regionlarda idmanın kütləviliyinin təmin olunması üçün olduqca vacibdir.
"İnkişaf Naminə İdman” İctimai Birliyinin sədri Mehman Kərimov festivalın əhəmiyyətini yüksək qiymətləndirərək, tədbirin əsas məqsədinin Olimpiya hərəkatı və sağlam həyat tərzini geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və böyükləri bu istiqamətdə həvəsləndirməkdən ibarət olduğunu diqqətə çatdırıb.
Bildirilib ki, gələn il Bakı şəhərində təşkil olunacaq birinci Avropa Oyunları zamanı dünyanın diqqəti Azərbaycan paytaxtına çevriləcək. Ölkəmizdə Olimpiya Hərəkatının inkişaf etdiyini diqqətə çatdıran natiq atletlərimizin Olimpiya oyunlarındakı uğurlu çıxışından danışıb.
Festival çərçivəsində idmançıların nümunəvi çıxışlarına baxış keçirildikdən sonra kütləvi qaçışa start verilib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda veteranlar arasında Novruzəli Murtuzov, qızların qaçışında Nigar Nağıyeva, oğlanların mübarizəsində isə Hüseyn Cəfərov birinci olublar.
Qaliblərə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.
Tədbir konsert proqramı ilə davam edib.