Yelkənli qayıq idmanı üzrə dünya çempionatı 2016-cı ildə ölkəmizdə keçirilə bilər

Yelkənli qayıq idmanı üzrə dünya çempionatı 2016-cı ildə ölkəmizdə keçirilə bilər


Azərbaycan Yelkənli İdman Federasiyasının (AYİF) prezidenti Qüdrət Qurbanov Beynəlxalq Yelkənli İdman Federasiyasının (İSAF) prezidenti Karlo Kroçe və Avropa Yelkənli İdman Federasiyasının (EUROSAF) prezidenti Marko Predieri ilə görüşüb.
Görüşdə Qüdrət Qurbanov Azərbaycanda bu idman növünün tarixindən bəhs edib, federasiya tərəfindən hazırlanmış inkişaf planı, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, Azərbaycanın Xəzər dənizi sahilində yerləşməsi, xüsusilə də Bakı körfəzinin əlverişli coğrafi mövqeyi və iqlim şəraiti, şəhərin ətrafında getdikcə artan turizm və istirahət zonaları bu idman növünün inkişafına münbit zəmin yaradır. Azərbaycanda bir sıra beynəlxalq səviyyəli yarışların uğurla keçirildiyini vurğulayan Q.Qurbanov Bakı şəhərinin yelkənli qayıq idmanı üzrə yeniyetmələr arasında 2016-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək istəyini diqqətə çatdırıb.
İSAF prezidenti K.Kroçe Azərbaycanın belə bir təşəbbüslə çıxış etməsini çox müsbət qarşılayaraq, ölkəmizdə keçirilən beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. O, 2015-ci ildə Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərarın beynəlxalq idman ictimaiyyəti tərəfindən respublikamızda bu sahədə görülən işlərə verilən qiymətin bariz nümunəsi kimi dəyərləndirib.
İSAF-ın və EUROSAF-ın rəhbərləri Azərbaycanda yelkənli idman növünün inkişafına lazımi dəstək verməyə hazır olduqlarını bildiriblər.
Sonda Q.Qurbanov İSAF-ın prezidenti K.Kroçeni Azərbaycana səfərə dəvət edib.