Qazanılan uğurlar böyük perspektivlər vəd edir

Qazanılan uğurlar böyük perspektivlər vəd edir

Ölkəmizdə fəallığı ilə seçilən və idmanın inkişafına öz töhfəsini verən idman ocaqlarından olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzinin (DGK İSM) yetirmələri 2014-cü ilin geridə qalan altı ayı ərzində bir sıra yaddaqalan nailiyyətlərə imza atıblar. Bu müddət ərzində mərkəzin təmsilçilərinin paytaxtda, ölkə daxilində və beynəlxalq yarışlarda əldə etdikləri 42 qızıl, 22 gümüş, 40 bürünc medal nəticələrin uğurlu olmasını deməyə əsas verir.
Qeyd edək ki, bu il ən yüksək uğura mərkəzin üzvü, üzgüçü Elvira Həsənova imza atıb. Belə ki, yeniyetmələr arasında respublika birinciliyinin qalibi, üzgüçülük üzrə idman ustası olan idmançı lisenziya normativini yerinə yetirərək Çinin Nankin şəhərində keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Daha bir yüksək uğuru idman ocağının güləşçisi İbrahim Nurullayev (50 kq) əldə edib. O, gənclər arasında Avropa çempionu titulunu qazanıb.
Artıq on beş ildir ki, fəaliyyət göstərən DGK İSM-də futbol, boks, sərbəst güləş, yunan-Roma güləşi, taekvondo, üzgüçülük, cüdo, tamblinq kimi Olimpiya, sambo, uşu-sanda, pouerliftinq, kempo-karate və kobudo, universal döyüş, aşihara karate, muay-tay, şaolin-sanda, kikboksinq, budo, ciu-citsu, hava və ekstremal idman növləri kimi qeyri-Olimpiya idman növləri tədris olunur.
Mərkəzin paytaxtla yanaşı, Ağdaş, Göyçay, Cəlilabad, Bərdə, Sumqayıt, Lənkəran, Masallı Qusar, Qaxda yerləşən bölmələrində 200-dək yeniyetmə, gənc və böyükyaşlı idmançı adıçəkilən idman növlərinin sirlərinə yiyələnir.



Nailiyyətlər ayrı-ayrı idman növlərini əhatə edir
2014-cü ilin 6 ayı ərzində mərkəzin təmsilçilərinin əsas nailiyyətləri üzgüçülüklə yanaşı, sərbəst və yunan-Roma güləşi, taekvondo, boks, budo idman növlərində əldə olunub. Fevralda yeniyetmələr arasında keçirilən sərbəst güləş üzrə Bakı şəhər birinciliyində Sarvan Sadıqov (42 kq) və İmran Xanməmmədov (50 kq) bürünc medal əldə ediblər. Mart ayında güləş üzrə yeniyetmə və gənclər arasında keçirilən Azərbaycan birinciliyində Sənan Əlimirəyev (74 kq) yunan-Roma güləşi üzrə gənclər arasında çempion tituluna yiyələnib. İbrahim Nurullayev (55 kq) üçüncü pillədə qərarlaşıb. Elmar İsmayılov (74 kq) gümüş medal qazanıb. Sərbəst güləş üzrə yeniyetmələr arasında yarışlarda Tehran (85 kq) və Əli Əminovlar (100 kq), Toğrul Cavadlı (120 kq) üçüncü yeri tutublar.
Bu ayda yeniyetmə və gənc taekvondoçu qızlar Abşeron rayonunun açıq birinciliyində 3 qızıl, 1 gümüş, 1 bürünc medala sahib çıxıblar.
Martın 11-12-də keçirilən IX Respublika Oyunlarının proqramına daxil olan yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Bakı zona yarışlarında Əliheydər Əliyev (82 kq) və Murad Bağırov (+85 kq) üçüncü yerə layiq görülüblər.
Bu yaş qrupu üzrə sərbəst güləş yarışlarında Polad İsmayılov və İzzət Aşurov bütün rəqiblərini üstələyiblər.
Taekvondonun pumse növü üzrə keçirilən respublika çempionatı və birinciliyində məşqçi Kazım Kazımovun rəhbərliyi altında DGK İSM-ın idmançıları yüksək uğurlar əldə ediblər. İdmançılar ikilik və üçlük kateqoriya, eləcə də şəxsi birincilikdə qüvvələrini sınayıblar. Yarışların yekununa əsasən "Gömrükçü” (Göyçay) komandası şəxsi birincilikdə II yerə layiq görülüb. Komanda üçlüklərin yarışında birinci olub.

Mart 31-dən aprelin 4-dək boks üzrə gənclər arasında keçirilən Bakı şəhər birinciliyində İkram Sultanov (91 kq) qızıl, Emin Quliyev (64 kq) bürünc medal qazanıb. 2000-2001-ci illər təvəllüdlü yeniyetmələr arasında keçirilən Bakı şəhər birinciliyində isə Elnur Zöhrabov (46 kq) ikinci yeri tutub.
Aprelin 11-14-də Balakən Olimpiya İdman Kompleksində keçirilən yunan-Roma güləşi üzrə respublika birinciliyində Əliheydər Əliyev 78 kq çəki dərəcəsində II yeri tutub.
Bu ayda taekvondo üzrə yeniyetmələr arasında keçirilən Göyçay rayon açıq birinciliyində Fərid Cəbrayılov (61 kq), Hüseyn Bəşirov (49 kq), Nurlan Qurbanov (41 kq) üçüncü olublar.
Aprelin 26-27-də keçirilən şaolin döyüş sənəti üzrə gənclər və kişilər arasında Bakı şəhər çempionatında 4 qızıl, 2 gümüş, 2 bürünc medal əldə olunub.
Mayın 1-3-də Mingəçevirdə sərbəst güləş üzrə yeniyetmələr arasında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş respublika turnirində mərkəzin Cəlilabadda yerləşən 4 saylı nümayəndələrinin üzvləri fəallıq nümayiş etdiriblər. 2000-2001-ci il təvəllüdlü kiçik yaşlı yeniyetmələr arasında 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanılıb. 1997-1999-cu illər təvəllüdlü yeniyetmələr arasında isə 2 qızıl, 1 gümüş, 1 bürünc medal əldə olunub.
Mayın 8-9-da kiçik yaşlı yeniyetmələr arasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Zenit” İC-nın açıq birinciliyində mərkəzin paytaxtdakı 1 saylı, Cəlilabaddakı 4 saylı nümayəndəliyindən sərbəst güləşçilər mübarizə aparıblar. Ümumilikdə 2 qızıl, 2 gümüş, 6 bürünc medal qazanılıb.
İyunun 13-16-da kiçik yaşlı yeniyetmələr arasında sərbəst güləş üzrə keçirilən II Respublika turnirində üç bürünc medal DGK İSM-ın aktivinə yazılıb.
İyun ayında üzgüçülük üzrə keçirilən yay ölkə çempionatında mərkəzin iki idmançısı iştirak edib. Dorian Fazekaş və Nazir İsmayılov hərəyə 2 gümüş 1 bürünc medal əldə ediblər.
Qeyd edək ki, idman ocağının yetirmələri ölkədaxili yarışlarla yanaşı, beynəlxalq turnirlərdə də fərqləniblər. Mərkəzin təmsilçisi Emin Kərimov (85 kq) Türkiyənin paytaxtı Ankara şəhərində dünya çempionu olub.
Azərbaycan Güləş Federasiyasının keçirdiyi beynəlxalq turnirdə yunan-Roma güləşi üzrə gənclər arasında İbrahim Nurullayev (50 kq) qələbə qazanıb. Sərbəst güləş üzrə yeniyetmələr arasında isə Əli Əminov (100 kq), Röyal Ağamalıyev (42 kq), Ravil Babazadə (69 kq), gənclər arasında isə Toğrul Cavadlı (120 kq) üçüncü pillədə qararlaşıblar.
Martın 29-30-da Gürcüstanın Tbilisi şəhərində yeniyetmə və gənclər arasında keçirilən üzgüçülük üzrə açıq birincilikdə Nazir İsmayılov 100 m və 200 m məsafəyə arxası üstə, 200 m məsafəyə qarışıq üsulla (kompleks) və 4X100 m məsafəyə sərbəst və qarışıq üsulla komanda estafet yarışında ikinci yeri tutub.
Türkiyənin Ordu şəhərində taekvondo üzrə yeniyetmə və gənclər arasında keçirilən Qara Dəniz Açıq Birinciliyində iştirak edən mərkəzin Ağdaş nümayəndəliyinin 12 üzvündən 5-i medal qazanıb. Qüdrət Nurizadə və Nicat Məmmədov birinci, Tural Bilalov ikinci, Aqşin Atakişiyev və Yaşar İsmayılov üçüncü yerə layiq görülüblər.
Qeyd etdiyimiz kimi ötən ay ən yüksək uğurlardan birinə Polşanın Katovitse şəhərində yunan-Roma güləşi üzrə keçirilən gənclərin Avropa çempionatında İbrahim Nurullayev (50 kq) imza atıb. Bolqarıstan, Polşa və Rusiya güləşçilərini mübarizədən kənarlaşdıran güləşçi həlledici qarşılaşmada Rumuniya təmsilçisi Aleksandru Botezi 5:1 hesabı ilə məğlub edərək Avropa çempionu tituluna yiyələnib. Qeyd edək ki, idmançımız bu yarışa şəxsi məşqçiləri Xəzər İsayev, İqdam Ələkbərov və yığma komandanın məşqçilərinin rəhbərliyi altında hazırlaşıb.
Bugünlərdə mərkəzin üzvü Emin Kərimov (85 kq) Rusiyanın Anapa şəhərində "Mix Kombat” döyüş növü üzrə Dünya Kubokunda birinci pilləni tutub.
İyunun 28-dən iyulun 3-dək Rusiyanın Krasnodar şəhərində Sovet İttifaqı Qəhrəmanı Vasili Qolovçenkonun xatirəsinə həsr olunmuş açıq boks turniri isə Tahir Allahverdizadə (60 kq) üçün bürünc medalla başa çatıb.



Mərkəz həm də birincilik və çempionatların təşkilatçısıdır
Mərkəz tərəfindən Dövlət Gömrük Komitəsinin yaranmasının 15 illiyi münasibətilə açıq birincilik və çempionatlar da təşkil edilib. Mayın 25-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş şaolin döyüş sənəti üzrə kiçik yaşlı yeniyetmələr və gənclər arasında mərkəzin açıq birinciliyi təşkil edilib. Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən yarışda 17 komandadan ümumilikdə 130 idmançı (36 gənc, 45 yeniyetmə, 49 kiçikyaşlı) çıxış edib. 21 çəki dərəcəsi üzrə keçirilən yarışda gənclər arasında DGK İSM birinci yeri tutub. Yarışda fərqlənən məşqçi-mütəxəssislərə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev tərəfindən "ən yaxşı hakim” "ən yaxşı məşqçi”, "ən yaxşı idmançı” nominasiyaları üzrə mükafatlar təqdim olunub.
İyunun 28-də komitənin yaranmasının 15 illiyinə həsr olunmuş futzal üzrə kiçik yaşlı yeniyetmələr arasında mərkəzin birinciliyi keçirilib. Dövlət Neft Akademiyasının İdman zalında keçirilən yarışda idman ocağının 6 komandası iştirak edib. Yarışda "ən yaxşı yarımmüdafiəçi”, "ən yaxşı müdafiəçi”, "ən məhsuldar oyunçu”, "ən texnikalı oyunçu”, "ən yaxşı qapıçı”ya nominasiyalarında, eləcə də təşkilatçılıqda fərqlənənlərə mükafat və diplomlar təqdim olunub.


Əsas məqsəd idmana layiqli töfhə verməkdir
Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin sədri, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri, sərbəst güləş üzrə dünya və Avropa çempionu Xəzər İsayev mərkəzin 2014-cü ilin 6 ayı ərzindəki fəaliyyətini uğurlu hesab edir. Ölkəmizdə idmanın yüksək səviyyəli inkişafından söz açan Xəzər İsayev əsas məqsədin ölkə idmanına töhfə vermək olduğunu dedi:
"Bu gün ölkəmizdə idman yüksək səviyyəli dövlət qayğısı ilə əhatə olunub. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, təmsilçilərimiz ən mötəbər yarışlarda uğurlu nəticələr əldə edirlər. Paytaxtımızda ən mötəbər yarışlar yüksək səviyyədə keçirilir. Bildiyiniz kimi, 2015-ci ildə ölkəmizdə tarixdə ilk dəfə I Avropa Oyunları təşkil ediləcək. I Avropa Oyunları Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sədrlik edir. İnanıram ki, Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində I Avropa Oyunları paytaxtımızda ən yüksək səviyyədə təşkil olunacaq. Bununla yanaşı, ölkəmiz 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Əlbəttə ki, bu cür mötəbər idman tədbirlərinin təşkil olunduğu bir ölkədə müxtəlif idman təşkilatlarının, federasiyaların, idman ocaqlarının klub və cəmiyyətlərin, idmançıların üzərinə böyük məsuliyyət düşür. Bir idman mərkəzi kimi, bizim də məqsədimiz təmsilçilərimizin bu mötəbər yarışlarda müxtəlif idman növləri üzrə yarışlarda çıxış etmələrinə nail olmaqdır. İdman ailəsinə daxil olan mərkəz kimi qarşımızda dayanan əsas məqsəd bu sahəyə öz layiqli töfhəmizi verməkdir”.

Xəzər İsayev mərkəzdə fəaliyyət göstərən bütün idman növlərinin yüksək səviyyəli inkişafına böyük önəm verildiyini diqqətə çatdırdı: "Qeyd edim ki, mərkəzdə boks, taekvondo, cüdo, üzgüçülük və s. kimi Olimpiya növlərinin inkişafı üçün bir sıra tədbirlər planı həyata keçirilir. Taekvondo və boks idman növləri üzrə bölmələrə yeni məşqçilər cəlb etmişik. Cüdo idman növünün yüksək səviyyəli inkişafı ilə bağlı planlar həyata keçiririk. Ötən ildən etibarən mərkəzdə yeni idman bölmələri də fəaliyyətə başlayıb. Bunlar üzgüçülük və ekstremal idman növləri bölmələridir. Ötən ilin avqust ayında yaradılan üzgüçülük bölməsinin idmançıları bu növdə qısa müddət ərzində yüksək nəticələr qazanıblar. 4 idmançımız Azərbaycan çempionu adını qazanıb. Sevindirici haldır ki, mərkəzin üzgüçüsü Elvira Həsənova bu il Çinin Nankin şəhərində keçiriləcək yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazanıb. İlk dəfə olaraq idmançımızın bu növdə Olimpiya oyunlarına güzəştli kartla deyil, məhz lisenziya ilə qatılması üzgüçülüyün ölkəmizdə inkişafından və idmançımızın perspektivindən xəbər verir.
Qeyd edim ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən idmançılarımızın hərtərəfli məşq etmələri üçün yüksək səviyyəli şərait yaradılıb. Fürsətdən istifadə edib mərkəzin fəaliyyətinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevə minnətdarlığımı bildirirəm”.
Xəzər İsayev mərkəzin idmançılarının qazandıqları uğurlardan da söz açdı: "Qeyd etdiyim kimi bizim əsas məqsədimiz idmanımızın inkişafına öz töhfəmizi verməkdir. Olimpiya oyunlarından sonrakı dövrdə DGK İSM məqsədyönlü fəaliyyətini davam etdirir. Təmsilçilərimizin qarşısında dayanan əsas məqsəd bu il Çinin Nankin şəhərində keçiriləcək Yeniyetmələrin II Olimpiya Oyunları, 2015-ci ildə ölkəmizdə təşkil ediləcək Avropa Oyunları, 2016-cı il Rio-de-Janeyroda təşkil olunacaq növbəti Yay Olimpiya Oyunları və 2017-ci ildə Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi oyunlarına yüksək səviyyədə hazırlaşmaqdır. Çalışacağıq ki, qarşıdakı mötəbər yarışlarda ölkəmizi təmsil edə biləcək idmançıların sayını artıraq.
Bu il üzgüçülüklə yanaşı, yunan-Roma güləşi, sərbəst güləş, taekvondo kimi Olimpiya idman növlərində də uğurlarımız olub. Ölkəmizdə böyük populyarlığa malik olan güləş idman növü üzrə bir sıra istedadlı idmançılarımız yetişirlər. Böyük fəxrlə qeyd etmək istərdim ki, artıq ölkə çempionatının mükafatçıları sırasında mərkəzin yetirmələri də var. 3-idmançımız sərbəst güləş, 2 idmançımız isə yunan-Roma güləşi üzrə millidə yer alıb. Sevindirici hal ondan ibarətdir ki, bu idmançılardan 4-ü mənim şəxsi yetirməmdir. Fərəhli haldır ki, yetirmələrimdən biri İbrahim Nurullayev ötən ay Polşada gənclər arasında Avropa çempionu tituluna yiyələnib. Xatırladım ki, iki il bundan əvvəl məşqçilik fəaliyyətinə başlamışam və bu uğurlar ikiillik əməyin bəhrəsidir.
İnanıram ki, təmsilçilərimiz qazandıqları uğurlarla kifayətlənməyərək qarşıdakı yarışlarda da onlara bəslənilən etimadı doğruldacaq, daha da böyük nailiyyətlər qazanacaqlar. Ümidvaram ki, bu uğurların davamı Avropa Oyunları, Yay Olimpiya Oyunları, İslam Həmrəyliyi oyunlarında əldə olunacaq”.
Qeyd olunduğu kimi, bu il Azərbaycan Dövlət Gömrük Komitəsinin yaranmasının 15 illik yubileyi qeyd olunur. Bu baxımdan 2014-cü il mərkəz üçün xüsusi əhəmiyyət kəsb edir. Mərkəzin sədri Xəzər İsayev yubiley münasibətilə bir sıra yarışların keçirildiyini və ilin sonunadək silsilə tədbirlərin davam etdiriləcəyini diqqətə çatdırdı: "Komitənin yarandığı dövrdən indiyədək mərkəzin yetirmələri arasından Olimpiya mükafatçıları, dünya və Avropa çempionları, dünya kubokunun sahibləri yetişiblər. Ötən illər ərzində uğurlu fəaliyyətimiz məni sevindirməyə bilməz. Dekabrın 23-də Dövlət Gömrük Komitəsinin yaranmasının 15 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq. Bu tarixi günə öz töhfəmizi vermək məqsədilə bir sıra daxili yarışlar, açıq birinciliklər təşkil etmişik. Şaolin, futzal və s. idman növləri üzrə yarışlar yüksək səviyyədə keçirilib. Komitənin əməkdaşları arasında keçirilən futzal yarışlarının yekunu mayın 10-da, ümummilli lider Heydər Əliyevin doğum gününə təsadüf etdi. Daha bir futzal yarışını yeniyetmə və gənclərimiz arasında keçirdik. Yarışın təşkilində məqsəd kütləviliyi, yeniyetmə və gənclərimizin daha böyük yarışlarda iştirakını təmin etmək, mərkəzin yığma komandasının tərkibini müəyyənləşdirməkdir. Bu yarışı Braziliyada keçirilən futbol üzrə dünya çempionatı ilə eyni vaxtda keçirməyimiz kiçikyaşlı oyunçuları həvəsləndirmək və onların futbola olan marağını artırmaqdır”.
Aysel Sultanova