Azərbaycan güləşçiləri dünya arenalarında uğurlu çıxışlarını davam etdirirlər. Ölkəmizi layiqincə təmsil edən pəhləvanlarımız planetin müxtəlif ölkələrində bayrağımızı yüksəklərə qaldırır, himnimizi səsləndirirlər. Güləşçilərimiz ötən ilin yekunlarına əsasən, iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda ümumilikdə, 92 qızıl, 71 gümüş və 135 bürünc medal qazanıblar.
Əldə olunan bu nəticələrlə kifayətlənməyən Azərbaycan Güləş Federasiyası qarşısına daha böyük məqsədlər qoyub. Federasiya rəhbərliyi hələ ötən ilin yekunlarına həsr olunan görüşdə idmançılara yeni mövsümdə daha böyük uğurlar qazanmaq tapşırığı vermişdi. 2014-cü ilin idmançılarımız üçün böyük əhəmiyyət kəsb edən çox məsuliyyətli bir təqvim ili olduğu əvvəlcədən hər kəsə məlum idi. Güləş qaydalarında və çəki dərəcələrində edilən son dəyişikliklərə uyğun hazırlaşmaq və qazanılan nailiyyətləri daha da artırmaq bütün növ güləş komandalarımızın qarşısında dayanan ən əsas məqsəd olmuşdur.
Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun göstərişi ilə yaradılan şərait, maddi-texniki bazanın gücləndirilməsi, mütəmadi olaraq yüksək səviyyədə təlim-məşq toplanışlarının keçirilməsi beynəlxalq arenada güləşçilərimizin uğurlu çıxışına imkan verir.
Pəhləvanlarımızın 2014-cü ilin ilk 6 ayı ərzində qazandıqları uğurlara fikir versək, bu ilin, həqiqətən də, güləş tariximizdə yeni səhifə açacağını əvvəlcədən söyləmək olar. Yanvarın 1-dən iyulun 1-dək olan müddətdə güləşçilərimiz ümumilikdə, 229 (80 qızıl, 59 gümüş, 90 bürünc) medal qazanıblar. Bunların 47-si böyüklərdən, digərləri isə gənc və yeniyetmələrdən ibarət komandalarımızın payına düşür.
Əlbəttə, qarşıda ilin hələ 6 ayının olduğunu da nəzərə alsaq, orta hesablamalara görə, idmançılarımızın qazanacaqları mümkün medalların sayının ötənilki göstəriciləri geridə qoyacağı heç kəsə sirr deyil. Bir sözlə, 2014-cü ildə uğurların sayının daha çox olacağı gözlənilir.
Bu ilin may ayında böyüklər arasında İran İslam Respublikasının paytaxtı Tehranda yunan-Roma güləşi üzrə Dünya kuboku yarışlarında Azərbaycan milli komandası güləş tariximizdə yeni səhifə yaza bilmişdi. Güləşçilərimiz tarixdə ilk dəfə Dünya kuboku yarışlarında bürünc medala sahib olublar. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Koreya Respublikası, Ermənistan, İran və Finlandiya komandaları ilə B qrupunda mübarizə aparıblar. Qrupun ikinci görüşündə Ermənistan komandası ilə yarışan təmsilçilərimizin hər biri rəqibini tam üstünlüklə məğlub edərək, görüşü komandamızın 8:0 hesablı inamlı qələbəsi ilə başa vurublar.
Azərbaycan idmançılarının beynəlxalq arenadakı uğurlu çıxışı digər ölkələrin də diqqətini cəlb edir. Xarici mətbuatda dərc olunan məqalələrə, mütəxəssis fikirlərinə nəzər salsaq, görərik ki, artıq digər ölkələr Azərbaycan güləşçilərinin dünyanın ən güclüləri arasında yer aldığını qəbul ediblər.
Qazanılan bu nailiyyətlərin əsasını isə, şübhəsiz, Azərbaycan Respublikasının Prezideti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğı təşkil edir. Məhz bu cür yüksək diqqətdən bəhrələnən güləşçilərimiz istənilən yarışda rəqiblərinə qarşı xüsusi əzmlə mübarizə aparır və uğur qazanırlar.