Respublika birinciliyinin final mərhələsinə yekun vurulub

Respublika birinciliyinin final mərhələsinə yekun vurulub

İyulun 11-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) təşkil etdiyi yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinin final mərhələsinə yekun vurulub.
Yarışların həlledici mərhələsində DYMX-nin finala vəsiqə qazanan hissə və bölmələrindən 16 komanda üzrə 128 idmançı iştirak edib. Neft Emalı Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin idman-məşq bazasında keçirilən yarışda FHN-in əməkdaşları müxtəlif növlərdə fərqləniblər.
Final mərhələsində şəxsi birincilik üzrə hücum nərdivanı ilə təlim qülləsinin dördüncü mərtəbəsinə qalxmaq yarışında Ağarəsul Bağıyev (Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsi) birinci yerə layiq görülüb. İkinci yeri Seymur Məmmədov (Nəsimi Rayon Dövlət Yanğından Mühafizə Hissəsi), üçüncü yeri isə Rüstəm Salayev (Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə Dəstəsi) tutub.
Yüz metrlik maneəli zolağı dəf etmə üzrə keçirilən yarışda Anar Quliyev (Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə Dəstəsi) birinci yerə sahib çıxıb. İkinci və üçüncü yerlərə isə, müvafiq olaraq, Vüsal Tahirov və Ağarəsul Bağıyev (hər ikisi Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsi) layiq görülüblər.
Döyüş açılışı üzrə Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə Dəstəsinin komandası (37,68 saniyə) birinci yeri tutub. Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin komandası ikinci (39,48 saniyə), Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin komandası isə üçüncü (40,76 saniyə) olub.
Ümumi komanda yarışında Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə Dəstəsinin idmançıları yarışların qalibi adını qazanıblar. Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin ikinci komandası ikinci, Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin birinci komandası isə üçüncü yeri tutub.
Tədbirin sonunda çıxış edən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov qalib komandaları və idmançıları təbrik edərək, onlara uğurlar arzulayıb.