Mətbuat üçün açıq məşq keçirilib
İyulun 25-27-də Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Yarışda iştirak edəcək güləş üzrə ölkə yığma komandaları təlim-məşq toplanışlarını davam etdirir.
Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandası təlim-məşqlərini Olimpiya Güləş Mərkəzində keçir. Təlim-məşq toplanışında millimizin üzvləri ilə yanaşı, Serbiya və Norveç güləşçiləri də iştirak edirlər. İyulun 15-də turnirə hazırlaşan komandamızın mətbuat üçün açıq məşqi keçirilib. Qeyd edək ki, bu məşqlər, eyni zamanda, sentyabr ayında Özbəkistanda keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.
«Əsas məqsəd "Qızıl Qran Pri” beynəlxalq turnirində uğurla çıxış etməkdir»
Açıq məşqlər zamanı yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Cəmşid Xeyrabadi güləşçilərimizin "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinə hazırlığı barədə ətraflı məlumat verdi. Dünya Kuboku yarışlarında qazanılan tarixi nailiyyəti xüsusilə vurğulan məşqçi güləşçilərimizin qarşıdakı turnirə ciddi hazırlaşdıqlarını bildirib:
"Komandada ümumi ab-hava yüksək səviyyədədir. Yarışlara yaxşı hazırlaşmaq üçün komanda üçün hər cür şərait yaradılıb. Fürsətdən istifadə edib, bizə göstərilən diqqət və qayğıya görə federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm. Son dünya kubokunda Azərbaycan komandasının tarixdə ilk dəfə üçüncü olması böyük nəticədir. Norveç və Serbiya komandası da bizimlə birgə məşqlərə qatılıb. Qarşımızda duran əsas məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri” beynəlxalq turnirində uğurla çıxış etməkdir. Ən azından bundan əvvəlki nəticəni təkrarlamağa çalışacağıq. Sonra Özbəkistanda keçiriləcək dünya çempionatına hazırlaşacağıq. "Qızıl Qran Pri” beynəlxalq turnirindən sonra dünya çempionatına yollanacaq tam heyət müəyyənləşəcək”.
Milli komandamızın üzvü Rəsul Çunayev də turnir öncəsi hazırlıqla bağlı fikirlərini bilidrib:
«Həm qarşıdakı turnirdə, həm də dünya çempionatında bayrağımızı yüksəltməyə çalışacağam»
"Hazırlığımız yaxşı gedir. Sözsüz ki, hər bir yarışdan vətənə medalla dönməyə çalışırıq. Bu yarış ölkəmizdə keçirildiyindən məsuliyyət daha çoxdur. Məqsədimiz budəfəki yarışda daha çox medal qazanmaqdır. Millimizin digər üzvləri ilə birlikdə bu tapşırığın öhdəsindən gələ bilərik. Bütün çəkilərdə titullu idmançılar Bakıya gələcək. Şəxsən mənim üçün rəqibin titullu və ya təcrübəsiz olması böyük önəm kəsb etmir. Hər bir görüşə ruh yüksəkliyi, yaxşı əhval-ruhiyyə ilə çıxıram. Həm qarşıdakı turnirdə, həm də dünya çempionatında bayrağımızı yüksəltməyə çalışacağam. Dünya çempionatına iki aydan da az vaxt qalıb».