«Neftçi İdman Klubu» xəbər verir

«Neftçi İdman Klubu» xəbər verir

Güllə atıcılığı
Almaniyanın Sulh şəhərində güllə atıcılığı idman növü üzrə dünya çempionatı keçirilir. İyulun 17-dən 27-nə qədər keçiriləcək yarışda birinci və ikinci yerləri qazanan idmançılar 2016-cı ildə Rio De Janeyro şəhərində keçiriləcək XV Yay Paralimpiya Oyunlarına lisenziya qazanacaqlar.
Çempionatda ölkəmizi Milli Paralimpiya Komitəsinin güllə atıcılarından Yelena Taranova, Əkbər Muradov, Elşad Məmmədov və Kamran Zeynalov təmsil edəcəklər.

Cüdo
Yunanıstanın paytaxtı Afinada cüdo üzrə yeniyetmələrin Avropa birinciliyi keçirilib. "Neftçi idman klubu”nun yığma komandanın heyətində yer almış cüdoçularından üçü göstərdikləri əzm sayəsində mükafatalayiq yerlər tutublar. 55 kq çəki dərəcəsində mübarizə aparan Natiq Qurbanlı və Hidayət Heydərov (66 kq) bütün görüşləri qələbə ilə başa vuraraq Avropa çempionu titulunu qazanıblar. Xanım idmançılarımızdan Leyla Əliyeva (44 kq) gümüş medala layiq görülüb. "Neftçi idman klubu”nun cüdoçularının qazandığı 2 qızıl və 1 gümüş medal sayəsində Azərbaycan millisi ümumi komanda hesabında Rusiya (4-5-2), Almaniya (3-1-4) və Fransadan (2-1-3) sonra 4-cü olub.

İyulun 12-də Rusiyanın Tümen şəhərində start götürmüş cüdo üzrə "Böyük dəbilqə” beynəlxalq turnirində 40 ölkənin 330 cüdoçusu gücünü sınayıb. Yarışda Azərbaycan idmançıları da mübarizə aparıblar. Sevindirici haldır ki, yığma komandamız bu mötəbər turnirdə 2 medala sahib çıxıb. Medal əldə edən iki idmançı da "Neftçi idman klubu”nun yetirməsidir. İdmançılardan Elmar Qasımov (100 kq) finala qədər inamla irəliləyib və bu mərhələdə kanadalı cüdoçu Kayl Reysi məğlub edərək qızıl medala yiyələnib. Klubun digər idmançısı İlqar Müşkiyev (60 kq) isə ilk görüşdə Qazaxıstan təmsilçisi Qusman Kirqizbayevə qalib gəlsə də, növbəti görüşdə rusiyalı Robert Mşvidabadzeyə uduzub. Üçüncü yer uğrunda təsəlliverici görüşdə idmançımız əvvəlcə özbəkistanlı Şərafəddin Lütfullayevi, sonra rusiyalı Savvi Karakizidini məğlubiyyətə uğradaraq bürünc medal əldə edib.
Qeyd edək ki, 1 qızıl və 1 bürünc medal qazanan yığma komanda bu nəticə ilə 5-ci pillədə qərar tutub.

Pankration
Rumıniyanın paytaxtı Buxarestdə pankration, qrapplinq və MMA üzrə Avropa çempionatı keçirilib. "Neftçi İdman Klubu”nun millimizin tərkibində yer alan idmançılarından 3-ü qitə yarışının 6 medalına sahib çıxıb. Onlardan Şahin Löymanov (59 kq) qrapplinqdə qızıl, pankrationda gümüş, Vüqar Kərəmov (71 kq) pankration yarışında qızıl, MMA üzrə gümüş, Ehtiram Dərişov (66 kq) isə MMA-da qızıl, pankrationda gümüş medala layiq görülüb.



Güləş
Gürcüstanın Batumi şəhərində gənclər arasında Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnir başa çatıb. Klubun pəhləvanları turnirdə güclərini sınayıblar. Gənc güləşçilərdən Əli Məmmədov (55 kq) yalnız finalda məğlub olaraq gümüş medal qazanıb. Mikayıl Rəhmanov (60 kq) isə yarışdan bürünc medalla ayrılıb.

Qılıncoynatma
Gürcüstanın Batumi şəhərində keçirilən Zurab Tavadzenin xatirəsinə həsr olunmuş turnirdə isə yeniyetmə qılıncoynadanlar öz bacarıqlarını nümayiş etdirmək üçün bir araya gəliblər. Sablya növündə klubun təmsilçisi Elvin Rzazadə turnirin qalibi olub. Cavanşir Ağakişiyev 2-ci, Xalid Əsədov 3-cü yerə çıxıb. Zərif cinsin nümayəndələri arasında Nərminə Cəfərova gümüş medala layiq görülüb.

Karate
Batumi şəhərində keçirilən karate-do üzrə "Batumi Open” beynəlxalq turnirində "Neftçi idman klubu”nun karate ustalarından 4-ü medal qazanıb. Nicat Cəbrayılov (16-17 yaş, 76 kq) keçirdiyi bütün döyüşlərdən qalib ayrılaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız həlledici görüşdən məğlub ayrılan Səbuhi Nuriyev (18 yaşdan yuxarı, 75 kq) 2-ci pillədə qərarlaşıb. Digər karateçilərimiz Elxan Musazadə (14-15 yaş, 55 kq) və Orxan Musayev (16-17 yaş, 76 kq) isə 3-cü yerlə kifayətləniblər.

Üzgüçülük
Hövsan Olimpiya İdman Kompleksində olan üzgüçülük idman növü üzrə açıq Azərbaycan çempionatında respublika idmançıları ilə yanaşı, Rusiya və Ukraynadan olan üzgüçülər də iştirak ediblər. Klub çempionatda 5 yetirməsi - Boris Kirillov, Teymur Quliyev, Dmitri Saley, Roman Saley və Zeynəb Kərimova ilə təmsil olunub. İdmançılarımız, ümumilikdə, ölkə çempionatının 19 medalına yiyələniblər. Onlardan Boris Kirillov 50 m, 100 m, 200 m məsafələrə arxası üstə, 50 metrə batterflyay üsulü ilə, 50 m və 100 m məsafələrin qətində, eləcə də 200 m məsafəyə qarışıq üsulla üzmə yarışlarının hamısında finişə 1-ci çatıb. Roman Saley 200 və 400 metr məsafələrə sərbəst üsulla üzmə yarışlarında liderliyə yüksəlib. 50 m və 100 m-də arxası üstə, 100 metrdə isə sərbəst üsulda 2-ci yeri tutan idmançımız 50 metr məsafəyə sərbəst üsulla üzmədə bürünc medala sahib çıxıb. Dmitri Saley 100 metrin batterflyay üsulu ilə qətində çempion olub. 50 metrdə batterflyay, 100 və 200 metrlərdə brass üsulu ilə üzmədə o, gümüş medala yiyələnib. Digər üzgüçümüz Teymur Quliyev isə brass üsulu ilə 50 metr məsafənin qətində 2-ci yerə çıxıb.

Ağırlıqqaldırma
Naxçıvan şəhərində veteran ağır atletlər arasında keçirilən dünya kubokunda 25 ölkədən 170-ə yaxın ağırlıqqaldıran yarışıb. "Neftçi idman klubu”nun təmsilçisi Vaqif Müsadiq 77 kq çəkidə (55-59 yaş qrupu) Dünya kubokunun gümüş medalına sahib olub. Atletimiz birdənqaldırmada 92 kq, təkanla qaldırmada isə 115 kq ağırlığın öhdəsindən gəlib. Bundan əlavə, klubun yetirməsi sinkler sistemi ilə 382,725 xalla bu yaş qrupunda bütün çəkilərin mütləq çempionu olub.
Tofiq Ataxanoğlu,
"Neftçi idman klubu” İctimai Birliyinin
mətbuat xidmətinin rəhbəri, əməkdar jurnalist