Biləsuvarda 5400 gənc idmanla məşğul olur

Biləsuvarda 5400 gənc idmanla məşğul olur


Biləsuvarda ölkədə idmanın kütləviliyinin təmin edilməsi, gənclərin fəallığının artırılması ilə bağlı dövlət başçısının tapşırıqlarının icrasının vəziyyəti müzakirə olunub.
Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının fəalları və gənclər təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər 95 minə yaxın rayon əhalisinin 29 mindən çoxunun gənclərdən ibarət olduğunu bildiriblər.
Azərbaycan dövlətinin gənclər siyasətinin Biləsuvarda uğurla icra olunduğunu deyən natiqlər məmnunluq hissi ilə qeyd ediblər ki, rayonda gənclərin hərtərəfli inkişafı üçün bütün imkanlar yaradılıb. Son illərdə 11 yeni məktəb binası istifadəyə verilib, hazırda daha iki məktəb binası, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 100 və 200 yerlik uşaq bağçaları inşa olunur.
Yığıncaqda son vaxtlar rayonda 12 idman klubunun fəaliyyətə başlaması dövlətimizin başçısının idmanın kütləviliyinin təmin edilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrin uğurlu icrası kimi dəyərləndirilib.
Biləsuvar Olimpiya İdman Kompleksi ilə bərabər, 175 idman qurğusunun fəaliyyət göstərdiyini söyləyən rayon gənclər və idman idarəsinin rəisi Aqşin Bağırov bildirib ki, hazırda 5400 gənc idmanla məşğul olur. Onların 1300 nəfərini qadınlar təşkil edir. Biləsuvarlı idmançıların uğurlu çıxışından danışan idarə rəisi onların beynəlxalq yarışlarda 9 qızıl ,14 gümüş ,13 bürünc medal qazanmalarını dövlətin idmana qayğısının bariz nümunəsi kimi qiymətləndirib.
Tədbirdə kənd və qəsəbələrdə sadə idman qurğularının sayının artırılması, gənclərin asudə vaxtlarının təşkili, yeniyetmələr arasında idmana marağın artırılması və digər məsələlərlə bağlı təkliflər verilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.