Əjdər Cəfərov: «Güləş həvəskarlarını olduqca maraqlı yarışlar gözləyir»

Əjdər Cəfərov: «Güləş həvəskarlarını olduqca maraqlı yarışlar gözləyir»

İyulun 25-dən 27-dək Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. 39 ölkədən 400-ə yaxın idmançı iştirak edəcəyi yarışda iştirak edəcək güləş üzrə ölkə yığma komandaları təlim-məşq toplanışlarını davam etdirirlər.
Sərbəst güləş üzrə ölkə yığma komandası hazırlığın ilk mərhələsini Xaçmaz Olimpiya İdman Kompleksində keçirib. Hazırda isə təlim-məşq toplanışı paytaxtda, Olimpiya Güləş Mərkəzində davam etdirilir. Turnirə səylə hazırlaşan komandamızın üzvləri ilə yanaşı, hazırlıq prosesində ABŞ-ın sərbəst güləşçiləri də iştirak edir. Bu gün pəhləvanlarımızın mətbuat üçün açıq məşqi keçirilib.


Əjdər Cəfərov: «Güləşə göstərilən dövlət qayğısı pəhləvanlarımızın dünya arenalarındakı uğurlarının artmasına şərait yaradır»


Hazırlıq prosesini izləyənlər arasında Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov da var idi. Komandanın hazırlığı ilə yaxından maraqlanan baş katib qarşıdakı turnirlə bağlı fikirlərini bölüşdü:
"Yarışda 39 ölkənin iştirak edəcəyi öz təsdiqini tapıb. Bu turnir FİLA-nın təqvim planında Avropa və dünya çempionatından sonra ən mühüm yarışlardan biridir. Artıq ölkəmizdə 7-ci dəfə keçirilən və artıq ənənə halını alan bu yarışın 2016-cı ilədək Azərbaycanda təşkili FİLA tərəfindən rəsmi müqavilə əsasında öz təsdiqini tapıb. Mən deyərdim ki, turnir Olimpiya oyunları səviyyəsində yəni, yüksək səviyyədə təşkil olunur.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bütün sahələrə olduğu kimi, idmana da göstərdiyi diqqət və qayğı nəticəsində bu gün ölkəmizdə ən mötəbər yarışları keçirmək mümkündür. Güləşə göstərilən dövlət qayğısı pəhləvanlarımızın dünya arenalarındakı uğurlarının get-gedə artmasına şərait yaradır. Eyni zamanda federasiyamızın rəhbərliyi də daim güləşçilərimizi diqqətdə saxlayır. Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Fazil Məmmədov və AGF-ın I vitse-prezidenti Namiq Əliyev pəhləvanlarımız üçün hər cür şərait yaradıblar. Təsadüfi deyil ki, bu gün Azərbaycan güləşi dünya reytinqində ilk üçlükdə yer alır. Digər ölkələrin idmançıları təlim-məşq toplanışlarını bizim güləşçilərlə keçirməyə, təcrübə qazanmağa can atırlar.
Qeyd edim ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran-Pri" beynəlxalq turnirində çox güclü idmançılar yarışacaqlar. Bildiyiniz kimi, federasiya rəhbərliyi tərəfindən uğurlu nəticə qazananlara yüksək məbləğdə pul mükafatı ayırılıb. Bütün idmançılar bu turnirdə qələbə uğrunda mübarizə aparacaq. Güləş həvəskarlarını olduqca maraqlı yarışlar gözləyir”.


«Ümid edirəm ki, əziyyətimiz hədər getməyəcək»

Bu məşqlər, eyni zamanda, sentyabr ayında Özbəkistanda keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır. Sərbəst güləş üzrə yığma komandamızın üzvü Hacı Əliyev də yarışlar ərəfəsində media nümayəndələrinin suallarını cavablandırdı:
"Yarışa hazırlığımız yüksək səviyyədə gedir. Federasiya tərəfindən yığma üzvləri üçün hər cür şərait yaradılıb. Komandada ümumi ab-hava yüksək səviyyədədir. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-Pri" beynəlxalq turnirinə ciddi hazırlaşmışıq. Ümid edirəm ki, əziyyətimiz hədər getməyəcək və yarışda uğur qazanacağıq”.

Aysel