Şahzadədən 20 yaş kiçik olan afrikalı üzgüçü

Şahzadədən 20 yaş kiçik olan afrikalı üzgüçü

Məşhur cütlük
Monako şahzadəsi II Albert və Cənubi Afrika Respublikasından olan keçmiş idmançı Şarlin Uittstokun çox maraqlı sevgi tarixçəsi var. Cütlüyün arasında yaş fərqi olsa da, onlar bir-birini dərin məhəbbətlə seviblər. Cütlüyün keçirdiyi həyat tərzi digər ailələrə nümunə göstərilir.

"Ağ at”sız şahzadə
Şarlin Uittstok onu seçən şahzadədən nə az, nə çox, düz 20 yaş kiçikdir. Onlar 2000-ci ildə tanış olublar. Həmin il Monakoda turnir keçirilirdi. CAR-dan olan sarışın gözəl üzgüçülük növündə ölkəsini təmsil edirdi. Şarlin adlı bu gözəl turnirdə qızıl medal qazandı. Həmin yarışları Monako şahzadəsi II Albert də izləyirdi.
Qeyd edək ki, şahzadə idmanla həmişə maraqlanıb. Hətta o, Olimpiya oyunlarında ölkəsini təmsil edən bobsley komandasının üzvü olub. II Albert futbol, cüdo, üzgüçülük və daha bir neçə idman növündə özünü sınıyıb. Beləliklə, idmana belə hərtərəfli marağı olan kral ailəsinin üzvü Albert, təbii ki, üzgüçülük yarışlarında qızıl medal qazanan Şarlinin diqqətini cəlb edib. Münasibətlər yaxşı olsa da, Şarlin Albertlə bir məclisdə olanda "müdafiə mövqeyi” tuturdu. Eyni zamanda, hiss edirdi ki, o, Albertin maraq dairəsinə daxil olub.

Qeyd etmək lazımdır ki, həmin vaxt Albertin həyatında yer alan modellərin sayı yetərincə idi. Bir sözlə, Albertin siyahısı həm coğrafi, həm də peşə baxımından zəngin idi. Şahzadənin növbəti hədəfi Şarlin "müdafiə mövqeyi”ni çox saxlaya bilmədi. Axır ki, bu gözəl idmançı Albertin evlilik təklifini qəbul etməli oldu.
Təbii ki, hər bir monarx kimi, Alberti də hakimiyyəti kimə verəcəyi düşündürür. Şarlinlə tanışlığa qədər onun iki övladı ( Amerikan Tamara Rotolodan olan qızı Jasmin Qreys və qaradərili təyyarə bələdçisi Nikol Kostdan olan oğlu Aleksandr Erik) var idi..

Deyilənlər şayiə imiş?
2010-cu ildə Albert və Şarlin nişanlandıqlarını və tezliklə toy edəcəklərini elan etdilər. Gəlin çox xoşbəxt idi. Amma Albertin əvvəlki həyat yoldaşları dinc dayanmırdılar. Təyyarə bələdçisi bildirdi ki, hələ də Albertlə əlaqələri var. Digər arvadı da onunla münasibətlərini məhkəmədə həll edəcəyini bildirdi. Beləliklə, aləm qarışdı. Əsl sarı mətbuat mövzusu olan bu əhvalatlara Albertin vəkili: "Hamısı yalandır” deyərək cavab verməli oldu. Vəkil onu da bildirdi ki, artıq Albert və Şarlinin münasibətlərinə heç nə və heç kim mane ola bilməz və cütlük Parisdə toy paltarının hazır olmasını gözləyir. Söhbətlər gəzirdi ki, Şarlin indi Albertin həyatında yeganə qadındır və idmançı qız şahzadənin əvvəlki həyatını tamamilə unudub. Ancaq mətbuat da dinc durmurdu. Toya az qalmış qərb mətbuatı Albertin nişanlısı Şarlinin Fransaya paltar tikdirməyə getdiyini yox, sadəcə, evlilikdən qaçaraq Parisə sığındığını yazırdı. Bu yazılanlara kral sarayı rəsmi bəyanata cavab verdi: "Gəlin qaçmayıb, toy olacaq”. Toy oldu və təbii ki, kral ailəsinə məxsus tərzdə - dəbdəbəli, hay-küylü. Amma bu dəbdəbəli toyda Şarlin çox qəmgin görünürdü. Çoxları bunu onun zorla saxlandığı ilə əlaqələndirirdi. Söhbətlər gəzirdi ki, guya Şarlin qaçmaq istəyib, ona imkan verilməyib. Başqa fikirlər də var idi: deyilənlərə görə, Şarlinə toydan sonra idmanla məşğul ola bilməyəcəyini demişdilər, o isə idmandan uzaqlaşmaq fikrində deyildi. Toydan sonra Şarlin və Albertin davranışları daha böyük şayiələrə rəvac verdi. 

Deyilənə görə, onlar "bal ayı”nı Cənubi Afrika Respublikasında - Şarlinin vətənində keçiriblər. Qəribəsi onda idi ki, yenicə ailə quran cütlük ayrı-ayrı hotellərdə qalıblar. Çox keçmədi ki, kral ailəsinin gəlini müsahibə verdi və bəzi qaranlıq məsələlərə aydınlıq gətirdi: "Mənim qaçmağım və mənə xəyanət edilməsi barədə deyilənlər yalan və siyasi alverdən başqa bir şey deyil. Mən həyəcanlı idim və həyəcandan ağladım. Mənim ağlamağımı bütün dünya gördü və bu hiss mənim halımı dəyişdi. Ailə qurandan sonra mənə idmanla məşğul olmağın qadağın ediləcəyi deyilirdi. Amma bu şayiələr də puça çıxdı. Şahzadə Albert idmanla dərindən maraqlanır və mənim bu sahədən uzaqlaşmağımı istəmir”.

Gözlənilən varis
Toydan düz üç il keçdikdən sonra II Albert və Şarlin Uittstokun uşaq gözlədiyi elan edildi. Bununla cütlük sanki aralarında heç bir problem olmadığını, ailələrinə sadiq olduqlarını sübut etdilər. Dünya mətbuatı hesab edir ki, uşağın dünyaya gəlməsi bu cütlük barədə dolaşan şayiələrə birdəfəlik son qoyacaq və Albertlə Sarlinin həyatında yeni bir mərhələ başlayacaq.
Şahzadə və həyat yoldaşı doğulacaq körpənin gələcəkdə idmançı kimi böyüməsini istəyirlər. Bu cütlük arasında hazırda yeganə mübahisə mənbəyi də məhz idmanla bağlıdır. Çünki Şarlın övladının üzgüçü olmasını arzulayır. II Albert isə onu xizəkçi kimi görmək istəyir. Yəqin ki, bu mübahisəli məsələ də öz müsbət həllini tapacaq.

Hazırladı:
Leyla Əsədova