Sərbəst güləşçilərimiz dünya çempionatında
Slovakiyanın Snina şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.
Çempionatın beşinci günündə 42, 50, 58, 69 və 85 kiloqram çəki dərəcələrində yeniyetmə sərbəst güləşçilər mübarizəyə qoşulublar.
Güləşçilərimiz yarış gününü bir qızıl və iki gümüş medalla başa vurublar. Belə ki, 42 kiloqram çəki dərəcəsində mübarizə aparan İntiqam Vəlizadə Qazaxıstan və Rumıniya güləşçilərini məğlub edib. Yarımfinalda Rusiya güləşçisi ilə görüşdən məğlub ayrılan təmsilçimiz bürünc medal uğrunda görüşə çıxıb. Həlledici qarşılaşma Yaponiya güləşçinin üstünlüyü ilə başa çatıb. İntiqam Vəlizadə çempionatı beşinci sırada tamamlayıb.
Birincilikdə 50 kiloqram çəkidə təmsilçimiz Əfqan Xaşalov finala qədər maneəsiz irəliləyib. O, ardıcıl olaraq Ukrayna, Gürcüstan, İran və Hindistan güləşçilərini mübarizədən kənarlaşdırıb. Finalda Əfqan Xaşalov ABŞ təmsilçisi ilə görüşdən məğlub ayrılıb və gümüş medalla kifayətlənib.
Çempionatda 58 kiloqramda mübarizə aparan Mahir Əmiraslanov ilk görüşündə erməni rəqibini böyük hesabla məğlub edib. Ardınca Ukrayna, Qazaxıstan və Türkiyə təmsilçiləri üzərində qələbələr qazanan güləşçimiz finala yüksəlib. Finalda rəqib Rusiya idmançısı ilə gərgin keçən görüş rəqibin xeyrinə başa çatıb.
Təmsilçimiz Şamil Sadullayev (85 kq) da finala qədər bütün rəqiblərindən üstün olub. Hindistan, Ukrayna və Rusiya güləşçilərini məğlub edən Şamil, finalda Türkiyə təmsilçisi ilə qarşılaşıb. Rəqibinə şans verməyən güləşçimiz dünya çempionatını qızıl medalla başa vurub.