Yeniyetmə pəhləvanlarımız Slovakiyada 11 medal qazandılar

Yeniyetmə pəhləvanlarımız Slovakiyada 11 medal qazandılar


Slovakiyanın Snina şəhərində keçirilən güləş üzrə yeniyetmələrin dünya çempionatına yekun vurulub. Yarışda ölkəmizi təmsil edən hər üç növ üzrə komandamız uğurlu nəticələrlə yadda qalıb.
Turnirin üçüncü günündə çəkisi 38 kq, 43 kq, 49 kq, 56 kq və 65 kq olan yeniyetmə qızlar mübarizə aparıblar. Yığma komandamız 3 çəki dərəcəsində təmsil olunsa da, güləşçilərimizdən yalnız biri gümüş medal qazanıb. 49 kq çəki dərəcəsində mübarizə aparan Leyla Qurbanova 1/8 finalda Monqolustan güləşçisi Narantsatsral Amgalanbaatarı təmiz qələbə ilə üstələyib. Növbəti görüşdə polşalı rəqibi Anna Krolu da böyük üstünlüklə məğlub edən xanım güləşçimiz yarımfinalda Rusiya təmsilçisinə qalib gəlib -12:0. Finala qədər inamla irəliləyən idmançımızın uğurlu çıxışının qarşısını həlledici mərhələdə Yaponiya təmsilçisi Kika Kagata kəsib. Beləliklə, finalda məğlub olan Leyla Qurbanova komandamıza dünya çempionatının gümüş medalını qazandırıb.
Məlumat üçün qeyd edək ki, Leyla Qurbanova Çinin Nankin şəhərində keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında ölkəmizi 52 kq çəki dərəcəsində təmsil edəcək.
Mübarizəyə 1/4 finaldan başlayan digər xanım güləşçimiz Ülkər Babayeva (43 kq) ilk görüşdə Qazaxstan idmançısını üstələsə də, yarımfinalda Yaponiya təmsilçinə məğlub olub. Bürünc medal uğrunda görüşə çıxan güləşçimiz Rusiya idmançısına da məğlub olaraq dünya çempionatını beşinci yerdə başa vurub.
56 kq çəki dərəcəsində yarışan digər xanım güləşçimiz Ləman Qurbanova isə 1/8 finalda Türkiyə idmançısı Ayşe Vatanseverə məğlub olaraq mübarizəni vaxtından əvvəl dayandırıb.
Çempionatın dördüncü günündə çəkisi 40 kq, 46 kq, 52 kq, 60 kq və 70 kq olan yeniyetmə qızlar yarışıblar. Yığma komandamız 3 çəki dərəcəsində təmsil olunub və 1 bürünc medala sahib çıxıb. 46 kq çəki dərəcəsində mübarizə aparan Türkan Nəsirova yarışa Rusiya güləşçisi üzərində qələbə iə başlasa da, Yaponiya təmsilçisi ilə görüşü uduzub. Rəqibin finala çıxması ilə təsəlliverici görüşə qatılan Türkan burada Belarus güləşçisini tam üstünlüklə məğlub edib. Həlledici görüşdə Almaniyadan olan rəqibini təmiz qələbə ilə üstələyən güləşçimiz dünya çempionatının bürünc medalını qazanıb.
Digər xanım güləşçilərimiz Şəbnəm Əhmədova (52 kq) və Anita Kələntərova (70 kq) mükafatçılar sırasına düşə bilməyiblər.
Çempionatın beşinci günündə çəkisi 42 kq, 50 kq, 58 kq, 69 kq və 85 kq olan yeniyetmə sərbəst güləşçilər döşək üzərinə çıxıblar. Pəhləvanlarımız yarış gününü 1 qızıl və 2 gümüş medalla başa vurublar.
50 kq çəki dərəcəsində ölkəmizi təmsil edən "Zenit” idman cəmiyyətinin yetirməsi Əfqan Xaşalov finala qədər maneəsiz irəliləyib. Mübarizəyə 1/16 finaldan başlayan Əfqan ilk görüşdə gürcüstanlı idmançı Roman Gutsulyaka qalib gəlib. Növbəti görüşdə gürcü idmançı ilə qarşılaşan pəhləvanımız bu dəfə də görüşdən qalib ayrılıb. 1/4 finalda İran idmançısını üstələyən təmsilçimiz növbəti mərhələdə hindistanlı güləşçi Vasant Prakaşı mübarizədən kənarlaşdırıb. Lakin idmançımız həlledici mərhələdə uğurlu çıxışının ardını gətirə bilməyib. Finalda ABŞ güləşçisi Spencer Leeyə uduzan Əfqan Xaşalov gümüş medala layiq görülüb.
Əfqan kimi mübarizəyə 1/16 finaldan başlayan Mahir Əmiraslanov (58 kq) da finala qədər uğurla irəliləyib. İlk görüşündə erməni rəqibini böyük hesabla məğlub edən idmançımız ardınca Ukrayna güləşçisini mübarizədən kənarlaşdırıb. 1/4 finalda qaxaxıstanlı Kuatbek Muxambetə qalib gələn pəhləvanımız növbəti görüşdə Türkiyə təmsilçisini üstələyərək finala vəsiqə qazanıb. Həlledici görüşdə Rusiya idmançısı David Bayevə məğlub olan Mahir Əmiraslanov gümüş medala sahib çıxıb.
85 kq çəkidə ölkəmizi təmsil edən Şamil Sadullayev komandamıza qızıl medal qazandırıb. Çempionata 1/8 finaldan başlayan təmsilçimiz finala gedən yolda Hindistan, Ukrayna və Rusiya güləşçilərini üstələyib. Həlledici mərhələdə Türkiyə təmsilçisi Semih Yazıcını da məğlub edən güləşçimiz dünya çempionu adını qazanıb.
Digər güləşçilərimiz İntiqam Vəlizadə (42 kq) və Məhəmməd Həsənzadə (69 kq) dünya çempionatını medalsız başa vurublar.

Çempionatın son günündə beş çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib. Komandamız yarışın sonuncu günündə də medal qazanıb. 63 kq çəki dərəcəsində mübarizə aparan Teymur Məmmədov qızıl medala layiq görülüb. Yarışa 1/8 finaldan başlayan təmsilçimiz finala qədər maneəsiz irəliləyib. Teymur ardıcıl olaraq Belarus, Qazaxıstan, Yaponiya və Hindistan güləşçilərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Həlledici mərhələdə güləşçimizin rəqibi Rusiya idmançısı olub. Bu görüşdə də rəqibinə şans verməyən Teymur Məmmədov qələbə qazanmaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər güləşçilərimiz Şahin Əlifzadə (46 kq), Mahal Novruzov (54 kq), Hacımurad Məhəmmədsəidov (76 kq) və İqbal Hacızadə (100 kq) məğlub olaraq mükafatçılar sırasından kənarda qalıblar.
Beləliklə, sərbəst güləş yarışlarını 2 qızıl və 2 gümüş medalla başa vuran yığmamız komanda hesabında beşinci yeri tutub.
Qeyd edək ki, turnirdə iştirak edən yuna-Roma güləşçilərimiz buna qədər 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında ikinci yeri tutmuşdular. Ümumilikdə isə yeniyetmə pəhləvanlarımız dünya çempionatından hər üç növ üzrə 11 (2 qızıl, 6 gümüş, 3 bürünc) medal qazanıblar.