Azərbaycan milli mətbuatının yaranmasının 139-cu ildönümü qeyd edilmişdir

Azərbaycan milli mətbuatının yaranmasının 139-cu ildönümü qeyd edilmişdir




Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə iyulun 22-də "Altun Saray” istirahət mərkəzində Azərbaycan milli mətbuatının yaranmasının 139-cu ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Tədbir çərçivəsində Fondun milli mətbuat günü ilə bağlı keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin və Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatının laueratlarının mükafatlandırılması mərasimi təşkil edilmişdir.
Tədbirdən əvvəl ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın xatirəsi də yad edilmiş, məzarı önünə çiçək dəstələri düzülmüşdür.

Media rəhbərləri sonra Azərbaycanın ilk mətbuat orqanı olan "Əkinçi” qəzetinin banisi Həsən bəy Zərdabinin məzarını ziyarət etmiş, önünə əklil qoymuşlar.
Mərasimdə çıxış edənlər əsası "Əkinçi” qəzeti ilə qoyulmuş Azərbaycanın milli mətbuatının keçdiyi tarixi inkişaf yoluna qısaca nəzər salmışlar. Xüsusi vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin söz və mətbuat azadlıqlarının təminatı sahəsində yürütdüyü siyasət hazırda onun layiqli davamçısı - Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu düşünülmüş və məqsədyönlü siyasət ölkədə kütləvi informasiya vasitələrinin sürətli inkişafına və cəmiyyətdə layiqli yerini tutmasına imkan yaratmışdır.
Laueratların mükafatlandırılması mərasimində çıxış edən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icrası direktoru Vüqar Səfərli media nümayəndələrini 22 İyul - Milli Mətbuat Günü münasibətilə təbrik etmiş, onlara yeni-yeni yaradıcılıq uğurları arzulamışdır. Ölkə mətbuatının tarixi inkişaf mərhələlərindən söz açan Fondun icraçı direktoru xüsusən də son illərdə dövlətin yüksək qayğısı ilə söz və mətbuat azadlıqlarının təmini sahəsində mühüm uğurların əldə olunduğunu diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, ölkə başçısının mətbuatın inkişafına göstərdiyi xüsusi diqqət və qayğısının təcəssümü kimi yaradılmış Fond mətbuatın maddi problemlərinin həllinə, ölkə jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən mühüm layihələr həyata keçirir. V.Səfərli həmçinin vurğulamışdır ki, Fondun xəttilə keçirilən fərdi jurnalist yazıları müsabiqələri jurnalistlərinin yaradıcı fəaliyyətinin stimullaşdırılasına və onların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.

V.Səfərli milli mətbuatın 139-cu ildönümü ilə əlaqədar keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə 66 redaksiyadan 116 yazının təqdim edildiyini, ekspertlərin rəyləri əsasında ən yüksək bal toplamış 30 nəfər jurnalistin əsas, 10 nəfər jurnalistin isə həvəsləndirici mükafata layiq görüldüyünü diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, əsas qaliblərin hər birinə 1000 manat, həvəsləndirici yerlərə layiq görülmüş jurnalistlərə isə 300 manat məbləğində mükafat verilmişdir.
Sonra söz Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova verilmişdir. Ölkə jurnalistlərini əlamətdar bayram münasibətilə təbrik edən Əli Həsənov hazırkı informasiya əsrində onların fəaliyyətinin cəmiyyət üçün son dərəcə əhəmiyyətli olduğunu qeyd etmişdir. O, ölkə mətbuatının inkişafını 4 mərhələyə bölərək hər bir mərhələnin səciyyəvi cəhətləri barədə geniş məlumat vermiş, xüsusən də Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra kütləvi informasiya vasitələrinin inkişafı üçün geniş imkanların açıldığını diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun mühüm tərkib hissəsi kimi söz və məlumat azadlığının təmin olunmasını, onun hüquqi-normativ bazasının yaradılmasını, iqtisadi müstəqilliyinin təmin edilməsini dövlətin mətbuat siyasəti qarşısında dayanan əsas vəzifələri kimi müəyyən etmişdir.
Əli Həsənov demişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət son 10 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəifndən konseptual şəkildə, müasir dövrün reallıqları nəzərə alınmaqla davam etdirilir: "Müstəqil medianın inkişafına xidmət edən yeni qanunların qəbul edilməsi, mətbuat orqanlarının "Azərbaycan” nəşriyyatına borclarının silinməsi, hər beş ildən bir milli mətbuatın, televiziya və radionun yubileylərinin ölkə səviyyəsində qeyd edilməsi, KİV əməkdaşlarının dövlət mükafatlarına və fəxri adlara layiq görülməsi, redaksiyalara birbaşa maliyyə yardımının göstərilməsi və s. 2003-cü ildən sonrakı dövrdə həyata keçirilmiş rəsmi tədbirlərin natamam siyahısıdır. Prezident İlham Əliyev Azərbaycanda mətbuata dövlət dəstəyini yüksək səviyyəyə qaldıraraq rəsmiləşdirmiş və şəffaflaşdırmışdır”.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri həmçinin vurğulamışdır ki, cənab İlham Əliyevin prezidentliyi dövründə dövlətin media siyasətinin başlıca məqsədi güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda, dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübünü çəkən medianın formalaşması və inkişafıdır: "Azərbaycan Prezidentinin imzaladığı çoxsaylı fərman və sərəncamlar, xüsusilə 2008-ci ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” məhz bu məqsədlərin həyata keçirilməsinə xidmət etmişdir. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu KİV-lərin maddi-texniki bazasının, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Fəaliyyət göstərdiyi 5 il ərzində Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin həcmi 17 milyon manatı keçmişdir”.
Qeyd olunmuşdur ki, bu gün Azərbaycan jurnalistlərin dövlət hesabına mənzillə təmin olunduğu yeganə dövlətdir. Azərbaycan Prezidentinin 2010-cu il 22 iyul tarixli "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncamına əsasən jurnalistlər üçün 156 mənzilli ayrıca bir bina inşa edilmişdir: "2013-cü il iyulun 22-də Azərbaycan Prezidentinin iştirakı ilə binanın açılış mərasimi keçirilmiş və tam təmirli mənzillər jurnalistlərə paylanmışdır. Elə həmin gün cənab Prezident KİV əməkdaşları üçün yeni - 250 mənzilli binanın təməlini qoymuşdur”.
Sonra müsabiqənin qaliblərinə Fondun fəxri diplomları təqdim edilmişdir.
Mərasimdə rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və Mətbuat Şurasının sədri Əflatun Amaşova nazirliyin fəxri fərmanını təqdim etmişdir.
Mərasimdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan milli mətbuatının keçdiyi çətin və şərəfli tarixi yola nəzər salmış, "Əkinçi” qəzetinin xalqımızın həyatında oynadığı rolu xüsusi vurğulamışdır.
Sonda Mətbuat Şurasının təsis etdiyi "Ali media mükafatı” təqdim olunmuşdur.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mükafatlarını təqdim edərək, mərasimə yekun vurmuş, jurnalistlərə yaradıcılıq uğurları arzulamış, dövlətimizin mətbuatın inkişafına bundan sonra da yüksək diqqət və qayğı göstərəcəyini vurğulamışdır.
Mərasim bədii hissədə konsert proqramı ilə davam etdirilmişdir.