«Neftçi İdman Klubu» xəbər verir

«Neftçi İdman Klubu» xəbər verir


Güləş
Slovakiyanın Snina şəhərində yeniyetmə güləşçilərin dünya birinciliyi keçirilib. Yarışda hər üç növ üzrə milli komandalarımız mübarizə aparıblar.
"Neftçi İdman Klubu”nun pəhləvanları da yığma komandanın heyətində təmsil olunublar və onlardan 3-ü mükafatçılar sırasında yer alıb. Çempionatın ilk günü meydana yunan-Roma güləşçiləri çıxıblar. İdmançılarımızdan Seymur Hüseynov (46 kq) yarışın bürünc medalını əldə edib. Qızların mübarizəsində isə, eyni uğura 46 kq-da çıxış edən Türkan Nəsirova imza atıb. Sərbəst güləşçilərin yarışında Mahir Əmiraslanov (58 kq) ilk görüşündə erməni rəqibini böyük hesabla məğlub edib. O, Ukrayna, Qazaxıstan və Türkiyə pəhləvanlarına da qalib gələrək finala yüksəlib. Qızıl medal uğrunda qarşılaşmada Mahir rusiyalı güləşçiyə məğlub olub və gümüş medala layiq görülüb.

Velosiped idmanı
İsveçrədə velosiped idmanının şosse növü üzrə U-23 yaş kateqoriyası və gənclər arasında keçirilən Avropa çempionatına yekun vurulub. "Neftçi İdman Klubu”nun təmsilçisi Samir Cəbrayılov U-23 yaş kateqoriyasında çıxış edən velosipedçilərin 173 km məsafəyə qrup yarışmasında 169 velosipedçi arasında 38-ci olub. Buna baxmayaraq, Avropa Velosipedçilər İttifaqının vitse-prezidenti Aleksandr Qusyatnikov onun haqqında müsbət fikir söyləyib: "Samir uzun müddət liderlər qrupunda yer aldı və yalnız sona yaxın üstünlüyünü əldən verməklə 160 nəfər arasında 38-ci oldu. İndi hər şey onun özündən asılıdır. Samir, parlaq gələcək vəd edir”.

Kikboksinq
"Neftçi İdman Klubu”nun kikboksinq üzrə gənclərdən ibarət yığma komandası sentyabrda İtaliyanın Rimini şəhərində təşkil olunacaq WAKO versiyası üzrə dünya çempionatının hazırlıqlarına start verib. Kikboksçularımız artıq Quba şəhərində təlim-məşq toplantısına başlayıblar. Kikboksinq üzrə yığma komandanın və klubumuzun baş məşqçisi Ehram Məcidovun rəhbərliyi altında məşqlərini davam etdirən idmançılar arasında ümidverici kikboksçular yer alıblar. Dünya və Avropa çempionu Ramiz Məmmədov, muay-tay üzrə dünya ikincisi, Avropa çempionu Naib Hacıyev, dünya çempionatının mükafatçıları Çingiz Əhmədzadə, Kamran Bayramov, Qiyas Şahmərdanov və Altay Atakişiyevin dünya çempionatında medal qazanacaqları gözlənilir.
Tofiq Ataxanoğlu,
"Neftçi İdman Klubu” İctimai Birliyinin
mətbuat xidmətinin rəhbəri, Əməkdar jurnalist