
İyulun 25-də Azərbaycan Güləş Federasiyası (AGF) «Sərhədçi» Olimpiya İdman Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə «Qızıl Qran-pri» beynəlxalq turnirinin final mərhələsinə həsr olunmuş mətbuat konfransı keçirildi.
Mətbuat konfransında Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, FİLA-nın İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev, FİLA-nın prezidenti Nenad Laloviç iştirak edirdilər.
Mətbuat konfransında çıxış edən FİLA-nın prezidenti Nenad Laloviç iki il bundan əvvəl Azərbaycana son səfərindən sonra ölkəmizdə, xüsusilə paytaxt Bakıda böyük dəyişikliklər olduğunu bildirdi. «Paytaxtınızda çox yeniliklərin şahidi odum. Ölkənizin inkişafını Azərbaycan güləşinin inkişafına bənzədirəm. Bu gün sizin idmana bağlılığınız, maliyyə dayaqlarınız, güləş federasiyanın inkişafı göz qabağındadır. Azərbaycanda olmağımızdan çox şadıq».
Azərbaycanın mötəbər idman yarışlarına ev sahibliyi etməsində böyük təcrübəsi olduğunu vurğulayan FİLA prezidenti ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş «Qızıl Qran-pri» beynəlxalq turnirinin yüksək səviyyədə təşkil olunduğunu bildirib. Finlandaiyada keçirilən Avropa çempionatında püşkün xüsusi qaydada atılmasına münasibət bildirən Nanad Laloviç dedi ki, yeni qaydada atılan püşkdən heç kim narazı deyil. İstər FİLa, istər hakimlər, istərsə də məşqçilər arasında tam şəffaflığı təmin etmək üçün biz bu üsuldan istifadə etdik».
Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, FİLA-nın İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev «Qızıl Qran-pri» turnirinin final mərhələsində dünyanın ən güclü idmançılarının iştirak etdiyini və yarışda il ərzində keçirilən 3 «Qran-pri»nin qaliblərinin, Olimpiya, dünya və Avropa çempionlarının mübarizə apardıqlarını dedi. N.Əliyev aparıcı güləşçilərimizin zədəli olduqlarına görə yarışda orta tərkibli yığma komanda ilə iştirak etdiyini vurğuladı. Onun sözlərinə görə, yarışın nəticələrinə əsasən, qarşıldan gələn dünya çempionatında müəyyən çəki dərəcələrində iştirak edən güləşçilər müəyyənləşəcək.
Qeyd edək ki, «Qızıl Qran-pri» turnirində dünyanın 38 ölkəsindən 400-ə yaxın ən güclü pəhləvan qüvvəsini sınayır. Yarışlar iyulun 27-də başa çatacaq.
olimpnews.az