“Qızıl Qran-pri” beynəlxalq turnirinin açılış mərasimi keçirilib
İyulun 25-də Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinə start verilib. "Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan turnirdə 35 ölkədən dünyanın 400-ə yaxın ən güclü pəhləvanları mübarizə aparır.
Yarışın ilk günü 7-ci dəfədir ki, ölkəmizdə təşkil olunan "Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsinin açılış mərasimi keçirilib. Mərasimdə FİLA prezidenti Nenad Laloviç, Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Fazil Məmmədov, Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, AGF-nin birinci vitse-prezidenti, FİLA-nın icraiyyə komitəsinin üzvü Namiq Əliyev iştirak edirdilər.
Əvvəlcə söz gənclər və idman naziri İsmayıl İsmayılova verildi. Son illər ölkəmizdə idmanın yüksək sürətlə inkişaf etdiyini deyən İsmayıl İsmayılov Azərbaycanda beynəlxalq miqyaslı idman tədbirlərinin təşkilinin xoş bir ənənəyə çevrildiyini dedi. Nazir müavini əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. O, təkcə bu ay ərzində ölkəmizin 9 beynəlxalq yarışa ev sahibliyi etdiyini xatırlatdı. Güləşin ölkəmizdə populyar idman növü olduğunu deyən nazir müavini qeyd etdi ki, bu idman növü üzrə təmsilçilərimiz ən mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil edir, bayrağımızı qaldırır, himnimizi səsləndirilər.
FİLA prezidenti Nenad Laloviç qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi beynəlxalq federasiyanın təqvim planında mühüm yarışlardan biridir. Beynəlxalq qurum rəhbəri güləş idman növünə göstərilən yüksək səviyyəli diqqət və qayğıya görə Azərbaycan dövlətinə öz minnətdalığını bildirdi. O, gərgin mübarizə şəraitində keçəcək yarışlarda azarkeşləri dünyanın 38 ölkəsindən Azərbaycana təşrif buyurmuş peşəkar güləşçiləri dəstəkləməyə çağıdı.
AGF-nin vitse prezidenti Namiq Əliyev ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsinin Azərbaycana həvalə olunmasına görə FİLA rəhbərliyinə öz minnətdarlığını bildirdi. Vitse-prezident Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən yüksək səviyyəli diqqət və qayğı sayəsində ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrildiyini vurğuladı. O, qeyd etdi ki, ölkəmizdə digər sahələrdə olduğu kimi, idmanda da aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, gələn il paytaxtımız tarixdə ilk dəfə dünyanın ən ali idman tədbirlərindən birinə birinci Avropa Oyunlarına ev sahibliyi edəcəyini bildirdi. Son illər güləşçilərimizin Avropa və dünya çempionatlarından yüksək əyarlı medallarla döndüklərini deyən Namiq Əliyev federasiyanın qarşısında dayanan əsas məqsədin London-2012 Olimpiya Oyunlarında əldə olunan nəticələri növbəti olimpiadada daha da yaxşılaşdırmaq və güləşçilərimizin Avropa Oyunlarına yüksək səviyyəli hazırlığını təmin etməkdir.
Yarış proqrama əsasən, turnirin ilk günündə sərbəst güləşçilər döşək üzərinə çıxıblar. İyulun 26-da qadınlar arasında, 27-də isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.
olimpnews.az