Firdovsi Umudov: «Komanda uğurlu çıxış etdi»
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinin gedişi zamanı sərbəst güləş üzrə yığma komandanın böyük məşqçisi Firdovsi Umudov da komandanın uğuru ilə bağlı fikirlərini «Olimpiya dünyası» qəzeti və «olimpnews.az» saytı ilə bölüşdü:
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi artıq ənənə halını alıb. Bu yarış ölkəmizdə 7-ci dəfədir ki, təşkil olunur. Hər il olduğu kimi, bu il də yarış yüksək səviyyədə keçirildi. İldən ilə yarışda rəqabət səviyyəsi artır. Turnirə daha çox Olimpiya, dünya, Avropa və Asiya çempionatlarının qalibləri kimi titullu idmançılar qatılırlar. Sərbəst güləş yarışlarında 6 idmançımız medal qazandı. 3 qızıl, 3 gümüş, 7 bürünc medalımız var. Nəticəni çox yaxşı qiymətləndirirəm. Sentyabr ayında keçiriləcək dünya çempionatı qabağı idmançılarımızın belə bir mötəbər yarışda iştirakı təcrübə baxımından böyük əhəmiyyət daşıyır. Bu yarışda biz idmançılarımızın hazırlığını bir daha sınaqdan keçirdik. Bütün diqqətimizi dünya çempionatına yönəltmişik. Bu yarışdan sonra hazırlığın növbəti mərhələsinə başlayacağıq. Dünya çempionatına yola düşəcək heyəti təlim-məşqlərdən sonra tam olaraq müəyyənləşdirəcəyik. Növbəti təlim-məşq avqustun 5-dən Belarusiyanın Minsk şəhərində keçiriləcək. Bu yarışda komandanın aparıcı üzvləri, Olimpiya çempionları Toğrul Əsgərov, Şərif Şərifov, 86 kq-da çıxış edən liderlərimizdən olan Həmzəd Osmanov, Cəmaləddin Məhəmmədov da zədə üzündən bu yarışda iştirak edə bilmədilər. Əgər bu güləşçilərimiz "Qızıl Qran-pri” beynəlxalq turnirinə qatılsa idilər, daha çox medallarımız olardı. Ümumilikdə, yarışda 21 idmançımız iştirak edirdi. Heyətə gənc pəhləvanları da cəlb etmişdik. 21 idmançımızdan 10-u medala sahib çıxdı. Komanda uğurlu çıxış etdi. Bu yarışda rəqabət güclüdür. Məlum olduğu kimi, yarışa idmançılar lisenziya əldə edərək qatılırlar. Bundan əvvəl Krasnoyarskda İvan Yarıginin xatirəsinə həsr olunmuş, eləcə də Fransadakı Qran-pri turnirinin yekununa əsasən güləşçilər Bakıdakı Qızıl Qran-prinin final mərhələsinə vəsiqə əldə ediblər. Çıxış edənlər arasında zəif idmançı yox idi.
Azərbaycan yığma komandası ümumilikdə bütün çəki dərəcələrində medal qazandı. Bu da yığmamızın xal hesabı ilə digər komandalardan üstün olması ilə nəticələndi. Rusiya, Türkiyə, ABŞ, Gürcüstan, Ukrayna və s.komandalarının hesabında qızıl medallar var idi. Bu yarış təşkilatçılıq baxımından yüksək səviyyədədir. Ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğı xarici ölkələrin təmsilçiləri tərəfindən də fərəhlə qeyd olunur. Əlbəttə ki, bu biz məşqçilərə və idmançılara böyük stimul verir. Yarışın yüksək səviyyəli təşkilinin nəticəsidir ki, bütün dünya dövlətləri bu yarışın iştirakçıları sırasında olmağa can atır.
olimpnews.az