Azərbaycan pəhləvanları "Qızıl Qran-Pri" beynəlxalq turnirində 25 medal qazandılar
"Sərhədçi" Olimpiya İdman Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-Pri" beynəlxalq turnirinin final mərhələsinə yekun vuruldu. Yarışın son günündə yunan-Roma güləşçiləri döşək üzərinə çıxdılar.
Pəhləvanlarımız bu mötəbər yarışda 4 qızıl, 3 gümüş və 3 bürünc medala yiyələndilər. Təmsilçilərimizdən Taleh Məmmədov (59 kq), Həsən Əliyev (66 kq), Rafiq Hüseynov (75 kq) və Elvin Mürsəliyev (80 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer aldılar. Yığmanın üzvlərindən Rəsul Çunayev (71 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq) yalnız finalda məğlub olaraq gümüş medala sahib çıxdılar. Komandamıza bürünc medalları isə Kamran Məmmədov (59 kq), Rüstəm Əliyev (71 kq) və Şalva Qadabadze (98 kq) qazandırdılar.
Xatırladaq ki, buna qədər sərbəst güləşçilərimiz 13 (3 qızıl, 3 gümüş, 7 bürünc), qadın güləşçilərimiz isə 2 qızıl medala sahib çıxmışdılar. Beləliklə, təmsilçilərimiz ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə 7-ci «Qızıl Qran-Pri» beynəlxalq turnirinin final mərhələsini 25 (9 qızıl, 6 gümüş, 10) medalla başa vurdular.
olimpnews.az