Birliyin əməkdaşları Neft Daşlarında olublar

Birliyin əməkdaşları Neft Daşlarında olublar


Neft Daşlarını dünyanın "səkkizinci möcüzə”si adlandırırlar. Bu da təsadüfi deyil. İnsan zəkasının, qüdrətinin, zəhmətinin nəticəsi sayəsində respublikamızın paytaxtı Bakıdan 100 km aralıda, Xəzərin mavi suları qoynunda əsl möcüzə yaradılıb: su səthindən 10 metr hündürlükdə, polad dirəklər üzərində hər cür şəraitə malik olan şəhər salınıb. Həmin şəhərin əsası 65 il bundan əvvəl qoyulub. Bu il dəniz şəhəri - Neft Daşlarının 65 yaşı tamam olur.
Bura dünyada ilk neft platformasıdır. "Ginnesin rekordlar kitabı”na da adı elə "ən birinci neft platforması” kimi düşüb. Bünövrəsi 1947-ci ildə qoyulmuş Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən "Qara qayalar”ın ətrafında tikilmiş bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində yaradılıb. Bəzi neft yataqları var ki, onları şərti olaraq, dəniz yataqları adlandırmaq olar, çünki bu yataqlar öz başlanğıcını qurudan götürürlər. Neft Daşlarının isə quru ilə heç bir əlaqəsi yoxdur. Burada çalışanların nəqliyyat vasitələri yalnız vertolyot və gəmilərdir.

1949-cu il noyabrın 7-də Azərbaycan neftçiləri dünyada ilk dəfə açıq dənizin dibindən sənaye məqsədi ilə karbohidrogenləri əldə etməklə öz tarixində yeni səfihə açdılar. Həmin gün Neft Daşları yatağının 942 metr dərinliyindən Xəzər nefti fəvvarə vurdu. Bu quyu gündə 100 ton hasilatla istismara daxil oldu və dənizdə neftçıxarmanın əsasını qoydu. Yataq üzrə ilk geoloq Ağa Qurban Əliyev olub. Sosialist Əməyi Qəhrəmanı, əfsanəvi Mixail Kaveroçkin 1949-cu il noyabrın 7-də neft verən ilk quyunu həmin bu sahədə qazmışdır. Neft Daşlarını fəth edənlərin bir çoxu 1951-ci ildə birinci dərəcəli SSRİ Dövlət mükafatına layiq görüldülər.
Neft Daşlarının nefti ilə doldurulmuş ilk tanker 1951-ci il fevralın 18-də boşaldılmaq üçün Dübəndi limanına yan aldı. Bir neçə aydan sonra isə dənizin 20-25 metr dərinliyində estakadalar və burğu, texnoloji sahələr tikilməyə başladı. Neftçilər üçün 5-9 mərtəbəli evlər inşa olundu. Beləliklə, Neft Daşları dəniz möcüzə-şəhərinə çevrildi və Azərbaycanda neft sənayesinin inkişafına təkan verdi. Artıq 60-cı illərin axırında özünəməxsus "küçə” vəzifəsini yerinə yetirən estakadaların ümumi uzunluğu 200 km-dən çox idi.
1949-cu ildən burada 1940 quyu qazılıb. 160 milyon ton neft, 12,3 milyard kubmetr qaz əldə edilib. Hazırda 377 quyu fəaliyyətdədir və hər biri sutkada orta hesabla 5 ton neft verir. Hər gün Neft Daşlarında 5-6 yeni quyu qazılır və bunların hərəsinin ilk dövrdə sutkada 15-16 ton neft vermək imkanı var.
Hazırda burada illik neft hasilatı 931 min tona çatdırılıb. "Neft Daşları” NQÇİ-nin rəisi Qoçəli Mahmudovun da söylədiyi kimi, qarşıda duran əsas məqsəd bu hasilatı illik bir milyon tona çatdırmaqdır. Bunun üçün bütün lazımi tədbirlər görülür: qəzalı vəziyyətə düşmüş köhnə estakadalar bərpa olunur, yeni nefttəmizləmə məntəqələri tikilir, özüllərdə işçilərin şəraitini yaxşılaşdırmaq məqsədi ilə yeni, müasir evciklər istifadəyə verilir, əmək şəraitinin yaxşılaşdırılması və istehsalat zədələnmələrinin qarşısının alınması sahəsində müəyyən işlər görülür, sosial-məişət şəraitinin yüksəldilməsi istiqamətində işlər davam etdirilir.
Bununla bərabər, Neft Daşları bu gün dövlətimizin qayğısı sayəsində öz görkəmini, simasını tamamilə dəyişib. Burada bir hektara yaxın müasir park salınıb. Bütün şəraitlə təmin olunmuş Heydər Əliyev muzeyi yaradılıb. Müasir standartlara cavab verən, yüksək şəraitli çay evi tikilib istifadəyə verilib. Parkda burada çalışan neftçilərin iş fəaliyyətini və həyatını əks etdirən abidə kompleksi mövcuddur ki, onlara baxdıqca heyran olmamaq mümkün deyil. Bundan əlavə, parkda 21 noyabr 1957-ci ildə Xəzəri fəth edərkən həlak olmuş qəhrəman neftçilərin, eləcə də Qarabağ müharibəsində şəhid olmuş neftçilərin xatirə abidəsi ucaldılıb. Zəhmətkeş insanların sağlamlıqlarının qorunması məqsədi ilə burada idman zalı fəaliyyət göstərir və zalda çoxsaylı idman növləri ilə məşğul olmağa hər cür şərait yaradılıb. Bir sözlə, burada çalışan insanlar üçün yüksək səviyyədə həyat şəraiti formalaşdırılıb.
"Neftçi idman klubu” İçtimai Birliyi ("Neftçi idman klubu” İB) bütün neft, qaz və kimya sənayesi müəssisələri kimi, "Neft Daşları” NQÇİ-ni də daim diqqət mərkəzində saxlayır. Belə ki, klubumuz bu sahədə çalışan insanlar arasında onların sağlamlıqlarının qorunması, asudə vaxtlarının səmərəli keçməsi məqsədilə müxtəlif tədbirlər təşkil edir və "Neft Daşları” NQÇİ də daim bu tədbirlərə dəvət olunur. Bu dəfə "Neftçi idman klubu” İB Neft Daşlarına yollanmaq qərarına gəlib. Təşkilatımız iyulun 28-də Ramazan bayramı münasibətilə böyük bir heyətlə möcüzələr şəhərinə təşrif buyurdu. Məqsəd burada çalışan cəsur insanlarla görüşmək və onların qarşısında bayram konserti ilə çıxış etməkdən ibarət idi. Ədalət naminə qeyd etməliyik ki, dəniz neftçiləri hər şeyin ən yaxşısına layiqdirlər, həm də belə tədbirlərə onların ehtiyacları var. Ona görə ki, istənilən şərait müqabilində belə, onlar işdə olduqları müddətdə şəhər həyatından, konsertdən, teatrdan məhrumdurlar. Elə bu səbəbdəndir ki, konsert zamanı neftçilər böyük həvəslə 400 nəfərə yaxın tutumu olan, yüksək səviyyədə yenidən qurulmuş və təminatı ilə də müasir standartlara cavab verən Neft Daşları Mədəniyyət Evinin zalını doldurmuşdular.
İlk öncə "Neftçi idman klubu” İB-in mədəni-kütləvi tədbirlər və istirahətin təşkili sektorunun müdiri Aydın Məmmədov çıxış edərək, dəniz neftçilərini klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun və əmək kollektivinin adından Ramazan bayramı münasibətilə təbrik etdi və onlara gələcək fəaliyyətlərində uğurlar dilədi. Sonra o, neftçilər haqqında səmimi fikirlərini söylədi: "Sizin hər biriniz çox dəyərli, cəsur, qəhrəman insanlarsınız. Siz neft sənayesinin inkişafında, ölkə iqtisadiyyatının çiçəklənməsində, dövlətçiliyimizin möhkəmlənməsində böyük pay sahibisiniz. "Neftçi idman klubu” da məhz sizlərin fədakarlığını nəzərə alaraq, bu əziz gündə bayram sevincini sizlərlə bölüşmək qərarına gəldi”.
Tofiq Ataxanoğlu,
"Neftçi idman klubu” İctimai Birliyinin
mətbuat xidmətinin rəhbəri,
əməkdar jurnalist