Qubada dünya səviyyəli qolfçuların iştirakı ilə “Challenge Tour” turniri keçirilir

Qubada dünya səviyyəli qolfçuların iştirakı ilə “Challenge Tour” turniri keçirilir


İyulun 30-da "Rixos Quba Azerbaijan” hotelində dünya səviyyəli qolfçuların iştirakı ilə "Challenge Tour” turnirinin rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov yarış haqda iştirakçılara məlumat verib.
Federasiya prezidenti "European Challenge Tour”un rəhbərlik etdiyi turnirin Azərbaycanda keçirilməsinin əsas məqsədinin ölkəmizi beynəlxalq qolf aləminə təqdim etmək, bu idman növünün inkişafına zəmin yaratmaq, buraya dünya səviyyəli oyunçuları cəlb etməklə respublikamızı yeni qolf məkanı kimi tanıtmaqdan ibarət olduğunu diqqətə çatdırıb.
Mərasimin fəxri qonaqlarından olan "European Challenge Tour”un direktoru Alen de Sultre Qubada təşkil olunan yarışın dünyanın ən istedadlı gənc qolfçularının bacarıqlarını nümayiş etdirməyə şərait yaradan bir turnir olduğunu qeyd edib.
Alen de Sultre ölkəmizdə qolfun inkişafı üçün böyük potensial mövcud olduğunu deyib. Azərbaycan Qolf Federasiyası yarandığı qısa müddət ərzində çox yüksək nailiyyətlər əldə edib. Quba Milli Qolf Klubunda beynəlxalq səviyyəli yarışların keçirilməsi üçün ideal şəraitin olduğunu bildirən Alen de Sultre tezliklə azərbaycanlı qolfçuların reytinq cədvəlində yüksək yerlər tutacağına əminliyini ifadə edib.
Rəsmi hissə başa çatdıqdan sonra açılış mərasimi konsert proqramı və möhtəşəm atəşfəşanlıqla davam edib.
Məlumat üçün qeyd edək ki, turnir yalnız peşəkar kişi qolfçular arasında keçirilir. Yarışda "European Challenge Tour” tərəfindən Avropa turnirinin reytinqinə əsasən seçilən 72 ölkədən 156 idmançı mübarizə aparır. İngiltərə, İsveç, Cənubi Afrika, Estoniya, Finlandiya, Fransa, Pakistan, Hindistan, İspaniya, Almaniya, Argentina və digər ölkələrin iştirak etdiyi yarışa avqustun 3-də yekun vurulacaq.