Çaparımız Danimarka turnirində 3 dəfə bayrağımızı yüksəltdi

Çaparımız Danimarka turnirində 3 dəfə bayrağımızı yüksəltdi


Danimarkada atçılığın konkur növü üzrə CSİ-1* və CSİ-2* kateqoriyalı beynəlxalq yarışlar keçirilib. Turnirdə Azərbaycanı "Kornus VA” , "Carvin” və "Sir Poldi-3” ləqəbli atlarla milli komandamızın üzvü Andre Şröder təmsil edib.
Əvvəlcə çaparımız "Kornus VA” ləqəbli atla 115 sm-lik maneəli yarışlarda qüvvəsini sınayıb. O, bütün rəqiblərini qabaqlayaraq birinci olub. Turnirdə ikinci və üçüncü yerləri, müvafiq olaraq, danimarkalı idmançılar Emili Luis Velsbi və Mixael Ertman Henriksen tutublar. Daha sonra çaparımız hündürlüyü 135 sm olan maneələri dəf etmə yarışlarında qüvvəsini sınayıb. Bu dəfə Şröder "Sir Poldi-3” ləqəbli atla mübarizə aparıb. İdmançımız yenə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yarışda ikinci yeri isveçli Yorgen Larson tutub. Almaniyalı Kasandra Orşel isə 3-cü olub. Günün üçüncü yarışında çaparlar 140 sm-lik maneələri dəf ediblər. Həlledici yarışa "Sir Poldi -3” ləqəbi atla qatılan Andre Şröder bu dəfə də bütün rəqiblərini qabaqlayaraq qələbəni bayram edib. 140-sm-lik maneələrə qarşı yarışlarda ikinci pilləni yeni zelandiyalı Bryus Qodin, üçüncü pilləni isə almaniyalı Kasandra Orşel tutub.
Beynəlxalq turnirin sonucu günü idmançılar 140 sm-lik maneələri dəf etmə yarışlarında qüvvələrini sınayıblar. Sonuncu günün qalibi almaniyalı Kasandra Orşel olub. Yeni zelandiyalı Bryus Qodin ikinci pilləni tutub. Rəqiblərindən cüzi fərqlə geri qalan təmsilçimiz Andre Şröder isə yekun nəticələrə görə Danimarka turnirini bürünc medalla başa vurub.