Dünya səviyyəli qolf ustalarının iştirak etdiyi “Challenge Tour” turniri başa çatıb

Dünya səviyyəli qolf ustalarının iştirak etdiyi “Challenge Tour” turniri başa çatıb


Azərbaycanda ilk dəfə dünya səviyyəli qolf ustalarının iştirakı ilə keçirilən "Challenge Tour” turniri başa çatıb.
Avqustun 3-də Quba Milli Qolf Klubunda dörd gün davam edən turnirin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov bildirib ki, yarışda "European Challenge Tour” tərəfindən Avropa turnirinin reytinqinə əsasən seçilən 72 ölkədən 156 tanınmış idmançı - qolf ustası birincilik uğrunda mübarizə aparıb.
Federasiyanın prezidenti deyib ki, ölkəmizdə qolf üzrə sayca ikinci dəfə keçirilən yarış Azərbaycanın idman tarixinə əlamətdar hadisə kimi daxil olacaq. Çünki bu turnirin əsas məqsədlərindən biri 2016-cı ildə Rio de Janeyroda keçiriləcək yay Olimpiya oyunlarında Azərbaycan idmançılarının iştirakını təmin etmək və ölkəmizi beynəlxalq qolf aləminə tanıtmaqdır. Gələcəkdə ölkəmizdə qolf üzrə daha mühüm və əhəmiyyətli tədbirlər keçiriləcək.
Bildirilib ki, yarışda birinci yeri almaniyalı qolf ustası Morits Lampert tutub. Fransa idmançısı Maykl Lorenso, ingiltərəli qolfçular Endrü Conson və Stiven Braun isə müvafiq olaraq ikinci, üçüncü və dördüncü nəticə göstəriblər.
"European Challenge Tour”un direktoru Alen de Sultre Azərbaycanın "Challenge Tour”un keçirildiyi 45-ci ölkə olduğunu vurğulayıb. O qeyd edib ki, cəmisi 2 ildir fəaliyyət göstərən Azərbaycan Qolf Federasiyası qısa müddətdə böyük işlər görüb. Azərbaycanda idmanın qolf növünün inkişafı üçün böyük potensial mövcuddur.
Sonra turnirin qaliblərinə kubok və xüsusi mükafatlar təqdim olunub.
Turnirin qalibi Morits Lampert bu möhtəşəm yarışın təşkilatçılarına, o cümlədən Azərbaycan Qolf Federasiyasının rəhbərliyinə minnətdarlığını bildirib.