Sabah Azərbaycan və Bakı çempionatı başlayır

Sabah Azərbaycan və Bakı çempionatı başlayır

Azərbaycan Gimnastika Federasiyası avqustun 6-7-də gimnastikanın idman gimnastikası, akrobatika və tamblinq növləri üzrə birgə yarış təşkil edəcək. Ölkə gimnastları Milli Gimnastika Arenasında Bakı-2015 Avopa Oyunlarına təsnifat turniri ərəfəsində öz qüvvələrini sınayacaqlar.
Bu yarışda qadın idman gimnastikasının nümayəndələri, komandanın lideri, AVRO-2014-ün vitse-çempionu Anna Pavlova Bakı tamaşaçılarına paralel qollarda "uçuş”lar, tir üzərində "döngə”lər, həmçinin dayaqla tullanma və sərbəst hərəkətlərdə öz ustalıqlarını nümayiş etdirəcək.
80 idmançının iştirak edəcəyi Azərbaycan və Bakı çempionatında 4 idman cəmiyyətinin – Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Litseyi, Nizami rayonu İdman Məktəbi və "Neftçi” cəmiyyətinin təmsilçiləri yarışaqlar.
Qeyd edək ki, yarışın ilk gününün səhər və gündüz sessiyalarında yunior idman gimnastları, akrobatlar və tamblinqçilər çıxış edəcək, axşama doğru isə ölkə çempionunun adı qadın idman gimnastları arasında səslənəcək. Böyük idman gimnastları - qızıl medala əsas namizədlər sayılan Oleq Stepko və Petr Paxnyuk, o cümlədən akrobatlar və tamblinqçilər arasında çempionlar yarışın ikinci günü bəlli olacaq. Həmçinin, fasilələr zamanı batut üzrə və ilk dəfə olaraq aerobika üzrə milli komandanın üzvləri nümunəvi çıxışları ilə öz ustalıqlarını nümayiş etdirəcəklər.
Azərbaycan Gimnastika Federasiyası bu dəfə də birgə yarışlara beynəlxalq dərəcəli hakimləri dəvət edib. Beləliklə, yarışları Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin üzvü Arturs Mitskevitçs (Latviya), Avropa Gimnastika İttifaqının Texniki Komitəsinin 2 üzvü – xorvatiyalı Mario Vukoya və rusiyalı Dmitriy Andreyev, həmçinin Gürcüstan Milli Gimnastika Federasiyasının vitse-prezidenti Besarion Qamsaxurdiya, Belarus Milli Gimnastika Federasiyasının baş katibi Andrey Fedorov və Qazaxıstan Gimnastika Məktəbinin baş məşqçisi Aleksandr Kim idarə edəcəklər.
Yarışların başlama vaxtı: saat 09:00 (6 avqust) və 09:30 (7 avqust)
Keçirildiyi yer: Milli Gimnastika Arenası

olimpnews.az