Milli Gimnastika Arenasında açılış mərasimi keçirildi

Milli Gimnastika Arenasında açılış mərasimi keçirildi
Milli Gimnastika Arenasında açılış mərasimi keçirildi

Avqustun 6-da Milli Gimnastika Arenasında idman gimnastikası, akrobatika və tamblinq üzrə növbəti birgə yarışların açılış mərasimi keçirildi.
Çempionatın açılış mərasimində Azərbaycan gənclər və idman naziri, Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi və Avropa Gimnastika İttifaqının (UEG) vitse-prezidenti Fərid Qayıbov iştirak edirdilər.
Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışdı və yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirdi.
Nazir müavini vurğuladı ki, Azərbaycan gimnastları beynəlxalq yarışlarda böyük uğurlar qazanırlar və paytaxtımız bu idman növü üzrə mötəbər turnirlərə ev sahibliyi edir. Belə mötəbər yarışlardan biri də bu ilin iyun ayında ölkəmizdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatıdır.
Nazir müavini qazanılan uğurlarda Heydər Əliyev Fondunun və Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini yüksək qiymətləndirdi və ölkəmizdə bu idman növünün həmişə inkişafda olduğunu bildirdi.
Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra yarış açıq elan edildi.
Bakı Gimnastika Məktəbini, Respublika Olimpiya İdman Liseyini, Nizami Rayon İdman Məktəbini və "Neftçi” Cəmiyyətini təmsil edən 80 idmançının iştirak etdiyi turnirin ilk günündə yunior idman gimnastları, akrobatlar və tamblinqçilər yarışdılar.
Mərasimdən sonra yarışda fərqlənən gimnastların mükafatlandırması oldu.
Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası tərəfindən bu dəfə də birgə yarışlara beynəlxalq dərəcəli hakimlər - Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin üzvü Arturs Mitskevitçs (Latviya), Avropa Gimnastika İttifaqının Texniki Komitəsinin üzvləri Mario Vukoya (Xorvatiya) və Dmitri Andreyev (Rusiya), həmçinin Gürcüstan Milli Gimnastika Federasiyasının vitse-prezidenti Besarion Qamsaxurdiya, Qazaxıstan Gimnastika Məktəbinin baş məşqçisi Aleksandr Kim və Belarus Milli Gimnastika Federasiyasının baş katibi Andrey Fedorov dəvət olunublar.

olimpnews.az